Logo

Bu əlamət korluğa səbəb ola bilər

Bu əlamət korluğa səbəb ola bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir gözdə qəfil yaranan qaralma, bulanıqlıq və ya görmə itkisi ciddi damar tutulmasının əlaməti ola bilər. Ağrısız keçən bu hal vaxtında müdaxilə edilmədikdə qalıcı korluğa səbəb ola bilər.

Sfera.az xəbər verir ki, mütəxəssislər bir neçə dəqiqə davam edib öz-özünə keçən görmə itkilərinin belə diqqətdən kənarda qalmamalı olduğunu bildirirlər. Belə hallar yalnız göz sağlamlığı ilə deyil, həm də insult riski ilə əlaqəli ola bilər.

Türkiyəli həkim Hande Çeliker bildirib ki, gözün arxa hissəsində yerləşən və görmə prosesində mühüm rol oynayan retina (torlu qişa) normal fəaliyyət göstərmək üçün kifayət qədər qan dövranına ehtiyac duyur. Retinanı qidalandıran arteriyaların və ya qanı buradan uzaqlaşdıran venaların tutulması görmə funksiyasına ciddi zərər verə bilər.

Həkimin sözlərinə görə, göz damarlarının tutulması əksər hallarda ağrısız baş verir. Bu səbəbdən insanlar görmələrində yaranan dəyişiklikləri ilkin mərhələdə ciddi qəbul etməyə bilirlər.

Çeliker qeyd edib ki, bəzi xəstələr bir gözdə qəfil qaralma, bulanıqlıq və ya görmə sahəsinin müəyyən hissəsinin itməsi ilə qarşılaşırlar. Ağrının olmaması təhlükənin olmadığı anlamına gəlmir. Belə hallarda görmənin öz-özünə bərpa olunmasını gözləmək düzgün deyil.

Mütəxəssis xüsusilə müvəqqəti görmə itkisinə diqqət çəkib. Bildirib ki, bəzi insanlarda bir gözdə bir neçə dəqiqə davam edən görmə itkisi baş verir və daha sonra görmə yenidən normallaşır.

Lakin görmənin bərpa olunması təhlükənin aradan qalxdığını göstərmir. Gözə gedən qan axınının müvəqqəti azalması beyin damarlarında da qan dövranı probleminin göstəricisi ola bilər. Bu səbəbdən qısa müddətli görmə itkiləri də insult riski baxımından təcili qiymətləndirilməlidir.

Hansı xəstəliklər riski artırır?

Çelikerin sözlərinə görə, retina damarlarının tutulması bir sıra sistemik xəstəliklərlə əlaqəli ola bilər. Xüsusilə aşağıdakı amillər riski artırır:

Yüksək qan təzyiqi;
Şəkərli diabet;
Xolesterin yüksəkliyi;
Ürək-damar xəstəlikləri;
Siqaret istifadəsi.

Həkim bildirib ki, retina arteriyasının tutulmasına səbəb olan qan laxtaları və damar daxili yığıntılar ürək və ya boyun damarları ilə də əlaqəli ola bilər. Buna görə də belə xəstələrdə yalnız göz problemi deyil, ümumi damar sağlamlığı da araşdırılmalıdır.

Mütəxəssis retina arteriyası və venasının tutulmasının fərqli klinik vəziyyətlər yaratdığını vurğulayıb.

Retina arteriyasının tutulması gözün qanla təminatını birbaşa pozduğu üçün təcili müdaxilə tələb edir. Xüsusilə mərkəzi retina arteriyasının tutulması göz insultu kimi qiymətləndirilir. Belə xəstələr gecikmədən insult üzrə müayinənin aparıla bildiyi təcili yardım şöbəsinə yönləndirilməlidir.

Retina venasının tutulması zamanı isə qanın retinadan xaric olması pozulur. Nəticədə retina təbəqəsində qanaxmalar və görmə mərkəzində maye toplanması yarana bilər. Bu hallarda göz daxili inyeksiyalar kimi müalicə üsullarından istifadə oluna bilər. Müalicə xəstəliyin növünə və ağırlıq dərəcəsinə uyğun müəyyən edilir.

Diaqnozun qoyulması üçün ətraflı göz dibi müayinəsi aparılır. Zəruri hallarda optik koherent tomoqrafiya (OCT) və retina damarlarının görüntülənməsi üsullarından da istifadə olunur.

Çeliker bildirib ki, xəstələrin görmələrinin öz-özünə düzələcəyini düşünərək saatlarla, hətta günlərlə gözləməsi ciddi nəticələrə səbəb ola bilər. Xüsusilə retina arteriyasının tutulmasında vaxt amili böyük əhəmiyyət daşıyır.

Erkən müraciət itirilmiş görmənin mütləq bərpa olunacağına zəmanət verməsə də, vaxtında tibbi müdaxilə və mümkün insult riskinin müəyyənləşdirilməsi baxımından həyati əhəmiyyət daşıyır.

Bir gözdə qəfil qaralma, bulanıqlıq və ya görmə itkisi yaranarsa, ağrı olmasa və əlamətlər bir neçə dəqiqə sonra keçsə belə, gözləmədən təcili tibbi yardım almaq lazımdır.\\milli.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR