"Ərim hamilə ola-ola məni möhkəmcə döydü, sonra da lüt soyundurub..." - Gənc qadının ÜRƏKPARÇALAYAN TALEYİ
Hər bir qadın xoşbəxt həyat sürmək istəyir. İllərlə xəyal edib, arzular qurur. Və nə zamansa o, arzuların gerçəkləşəcəyinə ümid edir. Ancaq zaman ötdükcə bəziləri zorakılığa məruz qalır. Qadınlara qarşı istər fiziki, istərsə də psixoloji şiddət hər zaman daha çox olub. Qadınlar isə hər şeyə dözüb göz yumurlar.
Hər şeyə dözüb, göz yumanların sığındığı yer isə "Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyidir. Bura sığınanların hər birinin öz arzu və öz xəyalı olub. Amma taleyin sərt üzü onları isti ocaqlarından üz döndərib bura sığınmağa məcbur edib. Bura pənah gətirən qadınların hərəsinin özünəməxsus həyat hekayəsi var. Ətrafda gərgin ab-hava var. Diqqətimi bir qadın çəkir. O, hamıdan fərqlənir: ağbəniz, mülayim, bəstəboy, qonurgöz... Yaxınlaşıb salamlaşır, söhbət etmək istədiyimi söyləyirəm. Oda öz növbəsində razılaşır.
Sfera.az 23 yaşlı əslən Masallı rayonundan olan Rahilənin həyat hekayəsini təqdim edir:
- Deyəsən, sığınacağın yeni sakinlərindənsən...
- (Gülür) Bəli... Yeni gəlmişəm.

- Özün haqda danışa bilərsənmi, tanıyaq səni?
- Evin bir qızıyam, məndən başqa qardaşlarım var. Orta məktəbi bitirdikdən sonra heç bir işlə mşğul olmadım. 2013-cü ildə ailə həyatı qurdum. Ailə qurma qtarixçəmdə belə olub: ərim Bakıda yaşayırdı, bizim rayona toya gəlmişdi. Məni də toyda görüb bəyənmişdi. Mənə görə dəfələrlə rayona gəlib getdi. Mən istəmirdim, valideynlərimin razılığı ilə oldu. Ancaq qayınanam da məni istəmirdi. Ərim ayağını dirəyib məcburi elçi gətirmişdi. Və biz ailə qurduq, məni Bakıya gəlin gətirdilər. Nə başınızı ağradım, gəlin gələndən sonra qayınanam məni yola vermədi. Hər gün evə söz-söhbət salırdı. Cavan qız idim də, tək idim deyə qorxub susurdum. Mən ərimdən bunun mənim başıma açdığı oyunları qorxub gizlədirdim. Bu isə ərim işdən gələn kimi yalan-doğru nə gəldi deyirdi. Beləcə, beş ilə yaxın dözüb dayandım.
- Nələrə dözdün?
- Hər şeyə... (kövrəlir) Ərim ustadır, azdan-çoxdan qazancı var idi. Dolanışıq cəhətdən problemimiz olmayıb. Ancaq problem qayınanamın evə saldığı söz-söhbət idi. Ərimi elə öyrədirdi ki, evdən çölə çıxmağıma icazə vermirdi. Telefon işlətməyi, qohumlarla əlaqə saxlamağı qadağan etmişdi. Mənim tərəfimdən heç kim bizə gəlib getmirdi. Təsəvvür edin ki, pəncərədən həyətə baxçağı da qadağan etmişdi. Anası yalandan deyirdi ki, "pəncərədən baxıb". Oda himə bənd idi, başlayırdı döyüb söyməyə. Ağzımı açıb söz deyəndə də, ana-bala ikisi də bir nəfəsə deyirdilər ki, "evə pul gətirən odursa, səni döyə də bilər, söyə də bilər". O qədər alçaldılmışam ki... Hələ bunlar azmış kimi hamilə olanda daq basıb döyürdü. Hətta bir dəfə işdən evə içkili gəlmişdi. Qayınanam nə dedi, nə demədisə, bu da məni möhkəmcə döydü, sonra da üst-başımı cırıq-cırıq elədi. Ağlı başında deyildi də. Ürəyi soyumayıb, lüt soyundurub küçəyə çıxartdı. Axşam idi deyə heç kim də yox idi. Qorxumdan yaşadığımız binanın eyvanında küncə sıxılıb sakit dayandım. İkisinə də yalvardım, heç birisi mənə qulaq asmadı. Əksinə qayınanam gülüb həzz alırdı. Həmin gecəni mən eyvanda keçirdim. Allaha yalvarırdım ki, kimsə məni görməsin. Çünki kimsə görsəydi özümü elə o binadan atacağdım. Özü səhər tezdən işə gedəndə məni eyvanda görüb dəli olmuşdu. Etdiyi hərəkətə inanmırdı.

Söz arası öz-özünə mızıldanıb dodağının altında "adamın nə qədər atasına-anasına söyərlər. Nə qədər küçə söyüşləri söyərlər, alçaldarlar", deyir...
- Sən ərinin bu hərəkətini bağışladın?
- Hə, bağışladım. Çünki hamilə idim, nə edə bilərdim. Orda da heç kimi tanımırdım, evimizdəkilərlə əlaqə saxlamaq imkanım yox idi. Çox əlacsız idim. Ancaq ərim çox pis olmuşdu. Bir neçə gün üzümə baxa bilmədi. O məni çox sevirdi. Sevsə də, anasının sözü ilə mənə zülmlər edirdi. Qayınanam isə mənə baxıb həzz alırdı. Elə bil, mən düşməni idim, məndən qisas alırdı. Amma mən dözüb susurdum.
- Niyə qayınanandan bu qədər narazısan? Bəlkə səhv ərinin özündədir?
- (Hikkə ilə) Yox! Çünki qayınanam bir müddətlik rayona getmişdi. Ərim mənə güldən ağır bir kəlmədə demirdi. Hər yerə aparıb gəzdirirdi, hər şey alırdı. Bir sözlə, nazımla oynayırdı. Qayınanam qayıdandan sonra yenə hər şey əvvəlki kimi oldu. Ərim anasından çox qorxur. O ona öl desə ölür, qal desə qalır. Çox əzazil qadındı, heç kimin ondan xoşu gəlmir. O yaxşı qadın olsaydı oğlumun bir yaşı olanda ərimi məcbur ikinci dəfə evləndirməzdi.

Gözləri dolur və hönkürtü ilə ağlamağa başlayır...
- Ərin də evləndi?
- Hə, evləndi. Ancaq o qıza evli və bir oğlumuzun olduğunu demişdi. Qız isə ərimlə evlənməyə razılaşmışdı. Hətta bir dəfə mənimlə telefonda danışanda dedi ki, "sənin acığına onunla evlənəcəm". Bilirdim ki, onu qayınanam öyrədib. Arvadın fikri-zikri mənim ailəmi dağıtmaq idi. Nəsə, ərimin ikinci arvadından bir qızı oldu. Bir müddət bizi bir evdə saxladı. Ancaq qayınanam onu da yola vermədi. O qız mənim kimi götürümlü deyildi. Qayınanam bir deyirdi, o beş cavab qaytarırdı. Axırda oda qayınanamdan bezib evdə qırğın saldı. Ərim də həmişəki kimi anasının tərəfini saxlayıb onu qohumlarının üstünə aparıb atdı.
Gülümsəyir və başının yelləyir...

- Hazırda o qızla uşaq hardadı?
- Samirə (ərinin ikinci arvadının adı-red.) uşağı qayınanamın üstünə atıb. Özü də qohumlarıgildə qalır, öz aləmindədi. Qayınanam iblis qadındı. Təsəvvür edin ki, böyük oğlum sakitdi, balaca oğlum bacısı ilə oynayır. Arvad gizlinə salıb oğlumu döyür ki, qızla oynamasın. Ərim uşaqlara "Pampers" alır, qayınanam hamısını gizlədir. Mənim oğlanlarımın payına düşəni vermir. Atası deyir ki, uşaqlar arasında ayrıseçkilik salma. Qayınanam o uşağı çox istəyir. Elə əzizləyib bağrına basır ki. Bircə mənim balalarım gözünə düşmən görünür.
- Bəs, ərin hardadı?
- Ərim qayınanamın dır-dırından bezib aprel ayında məni anasının yanında qoyub Rusiyaya getdi. ərim fikirləşdi ki, bəlkə də qayınanam ərim burda olmasa məni yola verər. Amma tam əksi oldu. Arvad evdə söz-söhbəti daha da kəskinləşdirdi. Bir şey olmamış evə hay-küy salırdı, qonşuları başına yığırdı. İnanın elə utanırdım, bilmirdim kimə nə deyim. Günlərlə bizə çörək vermirdi. Evə bazarlıq edirdi, mən cəhənnəm özü qızla yeyib balalarımı şişirdirdi. Bizə bir zülümlər elədi o. Bəlkə də tarixə elə zülümkar qadın gəlməyib, nə də yazılmayıb. Mən heç vaxt evimizdə belə söz-söhbətlər görməmişdim. Artıq aclıq bir yana, söz-söhbətə dözə bilmədim. Yenə ərim yanımda olanda dözürdüm. Axırı məcbur qalıb balalarımı da götürüb çıxdım evdən.
- Başına gələnləri qısa da olsa danışdın. Bəs, sığınacağa necə gəldin?
- Evdən çıxan gündən sığınacağa üz tutub gəldim. Öz ailəmdə məni qəbul etmədi. Dedilər ki, "uşaqları at onların üstünə özün tək gəl, səni qəbul edirik". Mən uşaqlarımı ata bilmərəm, ölsəm də onlardan keçmərəm. illərdir bu qədər əzab-əziyyətə onlara görə dözmüşəm. İndi necə atım? (Doluxsunur) Axı uşaqlarımın nə günahı var ki, ailə qəbul etmir. Onlarf verib də məni. Özüm istəyib ailə qurmamışdım ki, indi də balalarımı istəmirlər.

- Ərinlə əlaqə saxlamısan? Bilir burda olduğunu?
- Anası çoxdan bütün məlumatları yalan-doğru verib. Allah bilir bütün günahları mənim üstümə yıxıb (gülümsəyir). Burdan əlaqə saxlayacam. Bilirəm ki, o məni də, balalarımı da çox istəyir. Heç vaxt bizi atmaz. Ancaq ondan dəqiq söz öyrənəndən sonra başımın çarəsini biləcəm (kövrəlir).

O danışdıqca ətrafdakı aura gəriginləşdirdi. Söhbəti bitirib yalnız bunu düşündüm: təəssüf ki, hər gün belə qadınlarla üzləşirik. Sığınacaqda məskunlaşmış evdən qaçan qadınların əksəriyyətinin taleyi o qədər oxşardır ki...
Gülnarə Eynullaqızı
Sfera.az






