"Texniki baxışdan vaxtında keçməyənlərin məsuliyyətə cəlb edilməsi..." - Vaqif Əsədov
Bu günədək avtomobillərini texniki baxışdan keçirməyən avtomobil sahibləri inzibati məsuliyyətə cəlb olunacaqlar. Xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobillərinin texniki baxış müddəti iyul ayının 31-də başa çatır. Bu səbəbdən nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə edən avtomobil sahibləri avqustun 1-dən inzibati məsuliyyətə cəlb olunacaqlar. Buna görə fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 300 manat məbləğində cərimə tətbiq ediləcək.
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, bu, "Yol hərəkəti" haqqında qanunun tələbi ilə bağlıdır.
V.Əsədovun sözlərinə görə, yol hərəkətində istismar edilən nəqliyyat vasitəsi texniki cəhətdən saz olmalıdır:
"İstehsalçı zavodun müəyyən etdiyi buraxılış ilindən asılı olaraq 4 ildən sonrakı illərdə bir ildən bir və 10 ildən sonra isə hər il keçirilməsi nəzərdə tutulub. Bunu da nəzərdə tutulan sürücülər məcburi etməlidir. İdarə olunan nəqliyyat vasitəsi DYP-nin qeydiyyat imtahan şöbələrindəki xüsusi texniki baxış sahələrində təchiz edilimiş texniki vasitələrin köməyi ilə həyata keçirilir. Texniki baxışdan keçərkən nəqliyyat vasitəsinin təkərlərinin protektorları, sükan etmə mexanizmi, şüşə silən ülgəcləri, işıq cihazları və digər əsas vasitələr yoxlanılır. Əgər bunlar texniki cəhətdən sazdırsa, avtomobilin ön şüşəsinə xüsusi birka vurulur və icazə üçün sənəd təqdim olunur. Bu da növbəliliyinin şərtləri ilə nəzərdə tutulub ki, sıxlıq yaranmasın".
O, məsuliyyətə cəlb olunan sürücülərin açıqlanacağını da qeyd edib:
"Texniki baxışdan vaxtında keçməyənlərin məsuliyyətə cəlb edilməsi yəqin ki, avqustun 2-3-dən sonra açıqlayacağıq".
Qeyd edək ki, mövcud qaydalara görə, minik avtomobilləri 1 may - 31 iyul tarixləri aralığında texniki baxışdan keçməlidir. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə, ondan sonrakı müddətdə isə hər il texniki baxışdan keçirilməlidir. Yük avtomobilləri və avtobuslar 1 avqust - 31 oktyabr tarixləri aralığında texniki baxışdan keçirilməlidirlər.
Azər Salam
Sfera.az






