Bu layihə inkişafı təmin edəcək – Cavid Qurbanov
Bakı-Tiflis-Qars dəmir yolundakı texniki vəziyyətlə tanış olmaq məqsədilə Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanın dəmir yol rəhbərləri görüşüb.
Azərbaycan Dəmir Yollarından Sfera.az-a verilən məlumata görə, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov, Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan, Gürcüstan Dəmir Yolu SC-nin sədri Mamuka Baxtadze və Qazaxıstan Dəmir Yolları Milli Şirkətinin prezidenti Kanat Alpısbayev Bakı-Tiflis-Qars yeni dəmir yolu bağlantısında işlərin gedişatı ilə tanış olublar.
Qars dəmir yolu vağzalından başlayan səfər Gürcüstanın Axalkalaki stansiyasına qədər davam edib. Dəmir yolu rəhbərləri texniki vəziyyətlə yerində tanış olmaq məqsədilə, Qars stansiyasından Türkiyə-Gürcüstan sərhədindəki tunelə qədər olan sahəyə və tunelə, tuneldən sonra isə Axalkalaki stansiyasına qədər olan sahədə infrastruktur obyektlərinə - dəmir yolu xətlərinə, süni qurğulara, inzibati bina və tikililərə, hərəkət tərkibi ilə bağlı digər sahələrə baxış keçiriblər.
Bakı-Tiflis-Qars dəmir yolu bağlantısı hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq. Bu layihəyə qoşulmaqla Azərbaycan Çindən tutmuş Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yüklər qəbul edə və ya əksinə göndərə biləcək.
QSC sədri Cavid Qurbanov bildirib ki, bu yol istifadəyə verildikdən sonra özəl sektorun nümayəndələri –sahibkarlar ildə bir milyon ton yük göndərə biləcəklər:
"Gələcəkdə isə bu rəqəm artacaq. Bakı-Tiflis-Qars layihəsi regionun inkişafını təmin edəcək”.






