İkinci Novruzəli vaqiəsi
Xəbərin ilk cümləsi adama heç nə demir. Hə, nə olsun, "Bakıda xuliqanlıq edən sürücü saxlanılıb”. Bakıda o qədər avtoxuliqan var ki... Hər gün də 3-4-ünü saxlayırlar. Sonra da ya cərimələyib buraxırlar, ya elə-belə buraxırlar, ya da üzr istəyib buraxırlar.
Yəni Bakıda avtoxuliqanların olması, hər gün xuliqanlıq etmələri, saxlanılmaları sıradan hadisədir.
Ancaq məlum olur ki, bu dəfə xuliqanlıq edən sürücü general oğludur. Onda vəziyyət dəyişir. Ona görə yox ki, general oğlu xuliqanlıq etməz, edə bilməz, əsasən ona görə ki, general oğlu belə şey eləsə, saxlanılmaz, saxlanılsa da, tez buraxılar.
Sözügedən general oğlu isə saxlanılıb və buraxılmayıb. Həm də ona görə ki, Rüstəm adlı bu gənc təkcə avtoxuliqanlıq etməyib, həm də avtosuz xuliqanlıq edib, qəza şəraiti yaratdığına görə ona irad bildirən sürücünü basıb döyüb.
Sonradan məlum olub ki, Rüstəm avtomobillə adam da öldürüb, məhkum da olunub, üstəlik, sürücülük vəsiqəsi də olmayıb.
Sürücülük vəsiqəsi olmadan avtomobil sürmək, həm də avtoxuliqanlıq etmək üçün, əlbəttə, ən azı general oğlu olmaq lazımdır. Prinsipcə, polkovnik oğlu da bu qələti edə bilər, amma üstü açılsa, atası general olmaz.
Budur, Rüstəm o hərəkəti ilə, türkün sözü, atasının karyerasını da becərdi. O boyda generalı işindən-gücündən aldılar.
İndi tanıyanlar, bilənlər orda-burda deyəcəklər, yox, Novruzəli Orucov yaxşı kişiydi, neyləsin, oğlu onu güdaza verdi.
Amma yox, elə deyil, qardaşlar və bacılar, Novruzəli Orucov yaxşı ata olsaydı, oğlunu elə harın böyütməzdi. Budur, özü də deyir ki, uşağı başlı-başına buraxmışam.
N.Orucov yaxşı, prinsipial, gözü-könlü tox məmur olsaydı, oğluna bahalı maşınlar alıb verə bilməzdi.
Bunun əvəzində o oğlunu elə böyüdüb ki, Rüstəm dünənə qədər elə bilirdi ki, Ucardakı Şilyan təpələrini bunun atası yaradıb.
Əmin olun ki, onun o, maşınla adam öldürən, maşında adamdöyən oğlu gündə yeddi dəfə ona-buna "heç bilirsiz, mən kiməm”, "bilirsən, sənə neyniyərəm” deyənlərdən olub.
Hiss olunur ki, gənc adam çox hirsli-hikkəliymiş. Bir şey ki, ona irad bildirən avtobus sürücüsünü düz 8 dayanacaq təqib edib. Əslində artıq 3-cü dayanacaqdan sonra onun hirsi soyumalıydı və dönüb getməliydi işinin dalıncaq. Amma o deyib, yox e, avtobus sürücüsü kimdir ki, mənə, general oğuna "asta sür” deyir.
Bəli, general oğluna "asta sür” demək ağır təhqirdir, bu təhqirin qisası ancaq qanla, duellə alına bilər. İndinin dueli də belədir: təkbətək çıxmırlar, 5-6 adam tökülüşüb birini çırpır, sonra qaçıb gedirlər.
10 il əvvəl bir təvazökar nazir oğlu bir hikkəli deputat oğluna "Nərimanov” metro stansiyanın həndəvərində "asta sür” demişdi, deputat oğlu hiddətlənərək, maşınından düşüb nazir oğlunun çənəsini sındırmış, bir-iki saatdan sonra nə qələt elədiyini anlamışdı, amma gec olmuşdu. Onun özünü də aparıb təcridxanada atası sudan gəlincəyə qədər döymüşdülər.
Yəni bir sürücünün maşını yekədirsə, atası vəzifəlidirsə, özünün cibində pul çoxdursa, gərək ona "asta sür”, "ehtiyatlı ol”, "bu necə maşın sürməkdir” kimi təhqiramiz sözlər deməyəsən, deyəndə də sözün əvvəlində "qurban olum”, axırında "qadan alım”, "başına dönüm” kimi sözlər olmalıdır ki, növcavan hirslənməsin. Yoxsa maşını döndərib adamın dalınca düşər, çatıb küçənin ortasında biabır edər.
Bu işlər belədir.
İntəhası, bəzən elə olur ki, belə işləri yat-yut eləmək olmur və haqq-hesab ictimailəşir, səs-küyü çıxır, yuxarılarda əks-səda verir və hirsli oğulun sakit papasını çəkirlər ortalığa. O da məcbur olur, deyir ki, özüm də, balalarım da rəhbərə qurban olsun.
Əslində belə bir adamın ən yüksək rütbəsi gizir ola bilərdi, amma işə bax ki, gəlib general olub.
Bir tərəfə baxanda harın oğulların öz hərəkətləri ilə vaxtaşırı öz atalarını ifşa eləməsi yaxşıdır. Camaat kimin qabında nə olduğunu bilir. Yoxsa kim bilərdi ki, general rütbəsi daşıyan Novruzəli poçt qutusunun önündə oturub ağasının məktubuna qarovul çəkəsi adamdır.(musavat.com)






