Dəfələrlə avtobusu avtomobilimin üzərinə sürüblər - Tural Bayraməliyev
İlham Əliyev keçirdiyi son iclasda bildirib ki, məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar: "Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın”.
Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucov oğlu Rüstəm Orucovun avtobus sürücüsünü döyməsi səbəbindən prezidentin sərəncamı ilə vəzifədən azad edilib.
Gecce.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai xadim Tural Bayraməliyev mövzu ilə bağlı fikrini bildirib:
"Novruzəli Orucov haqqında yazılan xəbər qısa zamanda ictimailləşdi. Aydın məsələdir ki, hansısa məmuru işə təyin etmək və vəzifədən uzaqlaşdırmaq yalnız ölkə başçısının səlahiyyəti çərçivəsindədir. Vəzifə məmurun atasından ona qalan mülk deyil! İnsanların buna təəccüblənməsinə və ya qloballaşdırmasına ehtiyac yoxdur.
Avtobus sürücülərinə gəlincə, dəfələrlə şahidi olmuşuq ki, salona sığacaq saydan dəfələrlə çox insanı daşıyırlar. Nə işıqfora əhəmiyyət verirlər, nə yol hərəkəti qaydalarına tabe olurlar. Ailəmlə yolda olarkən, dəfələrlə avtobusu avtomobilimin üzərinə sürüblər. Sürücüyə iradımı bildirərkən, cavabı çox kobud olub, "əcəb edirəm, necə istəyirəm, elə sürərəm". Ona nə desəm, anlamayacaq.Cahilliyi buna imkan vermir. Sürücülərə 73-cü millət deyirlər”.






