Vaqif Əsədovdan Bakıda yol polisinin sürücüdən 50 manat pul almasına reaksiya: "Məsələni araşdıracağıq"
Xəbər verdiyimiz kimi, sürücü Bəhruz Gülmalıyev DYP əməkdaşından şikayətçi olduğu ilə bağlı mediaya müraciət edib. Onun dediyinə görə, avtomobili qanunsuz olaraq cərimə meydançasına aparılıb:
"Mən "Kio Rio" markalı 99-XV-732 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bəhruz Gülmalıyev DYP əməkdaşından şikayətçiyəm. Məniyulun 4-də Xaçmaz rayon Nabran kəndinə istirahət üçün getmişdim və orada idarə etdiyim avtomobilinin ön nömrə nişanı müəmmalı şəkildə itdi. Bununla bağlı həmin dəqiqə Xaçmaz rayon Polis Şöbəsinə müraciət etdim. Nömrəni tapa bilməyən Xaçmaz polisi iylun 5-də mənə nömrənin itməsi ilə bağlı arayış verdi və orada qeyd edildi ki, 10 gün müddətində bu arayışla avtomobilimi idarə edə bilərəm. DYP-in verdiyi arayışa arxayın olub Bakıya gələrkən problemlə üzləşdim. Yolda bir neçə dəfə dövlət yol polisi məni saxladı. Hər dəfə də polislər verilən arayışı gördükdən sonra mənə yolumu davam edə biləcəyimi dedilər. Növbəti gün, yeni dövlət nömrə nişanı almaq üçün DYP-ə gedərkən Orxan adlı DYP (99-YP-487) əməkdaşı məni saxladı. DYP əməkdaşı mənə bildirdi ki, Xaçmaz Rayonu Polis İdarəsinin mənə verdiyi arayış keçərsizdir və avtomobil mütləq cərimə meydançasına aparılmalıdır. Böyük mübahisədən sonra avtomobil cərimə meydançasına aparılıb və məndən cərimə adı ilə 50 manat alınsa da, heç bir qəbz təqdim etmədən, məni buraxdılar. Mən anlaya bilmirəm ki, bu necə ola bilər? Bununla bağlı hər yerə şikayət etmişəm və bu məsələnin axırına qədər gedəcəm".

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, vətəndaşa verilən arayış o demək deyil ki, avtomobilin dövlət nömrə nişanı olmadan idarə etsin.
"Yaxşı olardı ki, sürücü Bəhruz Gülmalıyev bizə də müraciət edərdi. Şikayətçi gedib həmin arayış əsasında nömrə nişanı almalı idi. Bu məsələdə də vətəndaşın qeyri-səmimiliyi üzə çıxır. Ancaq məsələni araşdıracağıq, nəticə barədə sizə də məlumat verəcəyik. Çalışarıq ki, məsələ şikayətçinin xeyrinə həll olunsun", - deyə V.Əsədov qeyd edib.
Azər Salam
Sfera.az






