Bu 4 hal müşahidə olunsa, həkimlər sizi xilas etməyəcək
İnsanın ölüm anı beynin bütün funksiyalarının geridönməz dayanması və ya bioloji ölüm əlamətləri əsasında müəyyən edilir. Reanimasiya tədbirləri isə müəyyən edilmiş meyarlar üzrə nəticəsiz qaldıqda dayandırılır.
Sfera.az bildirir ki, Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, ölüm prosesi kliniki və beyin ölümündən sonra bioloji ölümlə başa çatır.
Klinik ölüm zamanı ürəyin fəaliyyəti və tənəffüs dayanır, lakin təxirəsalınmaz reanimasiya tədbirləri ilə orqanizmin həyat fəaliyyətini bərpa etmək mümkün olur.
Klinik ölüm həkim və ya feldşer tərəfindən müəyyən edilir. Beyin ölümü isə ürəyin fəaliyyəti və ağciyərlərin süni ventilyasiyası davam etdiyi halda beynin bütün funksiyalarının tam və geridönməz dayanmasının qeydə alınması ilə təsdiqlənir. Bu diaqnoz xəstənin olduğu tibb müəssisəsində həkimlərin konsiliumu tərəfindən qoyulur.
Konsiliumun tərkibinə öz ixtisası üzrə ən azı beş il iş təcrübəsi olan anestezioloq-reanimatoloq və nevropatoloq daxil edilməlidir.
Bioloji ölüm orqanizmin həyat fəaliyyətinin geridönməz dayanmasıdır və bədəndə meydana çıxan erkən və ya gec meyit əlamətləri əsasında müəyyən edilir. Beyin ölümü və ya bioloji ölüm insanın ölüm anı hesab olunur.
Qaydalara görə, reanimasiya tədbirləri insanın həyati vacib funksiyalarının bərpasına, o cümlədən tənəffüs və qan dövranının süni şəkildə saxlanmasına yönəldilir. Bu tədbirlər həkim və ya feldşer tərəfindən həyata keçirilir. Fövqəladə hallarda onlar olmadıqda, müvafiq tibbi təlim keçmiş və lazımi bacarıqlara yiyələnmiş şəxslər də reanimasiya tədbirləri görə bilərlər. Reanimasiya tədbirləri aşağıdakı hallarda dayandırılır:
- Beyin ölümü müəyyən edilərək insanın ölümü təsdiqləndikdə;
- Həyati vacib funksiyaların bərpasına yönəlmiş reanimasiya tədbirləri 30 dəqiqə ərzində nəticə vermədikdə;
- Yenidoğulmuşlarda tam həcmdə reanimasiya tədbirlərinə başlanıldıqdan sonra 10 dəqiqə ərzində ürək döyüntüsü olmadıqda;
- Bioloji ölüm əlamətləri aşkarlandıqda.
Ölüm haqqında tibbi şəhadətnamə mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik, stasionar və sanator-kurort xidməti göstərən tibb müəssisələri, eləcə də patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir.
Ölümün səbəbi məlum olduqda, şəhadətnamə, bir qayda olaraq, vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən tərtib edilir. Ana ölümü, infeksion xəstəlik və ya belə xəstəliyə şübhə, tibbi müayinə və müdaxilə zamanı baş verən ölüm, zorakı ölümə şübhə, ölüm səbəbinin naməlum olması və ya qohumların müayinə və müalicə ilə bağlı şikayətləri olduqda isə şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir.
Ölüm şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş verərsə, tibbi şəhadətnaməni həmin müəssisə verir. Yenidoğulmuşun ölümü doğulduqdan sonrakı 168 saat ərzində baş verdikdə isə perinatal ölüm haqqında tibbi şəhadətnamə doldurulur.
Tibbi şəhadətnamə elektron registr vasitəsilə həkim və ya feldşer tərəfindən doldurulur və elektron imza ilə təsdiqlənir. Sənədi əldə etmək üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini, eləcə də qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər.
Ölüm barədə məlumat tibb müəssisəsi tərəfindən dərhal Səhiyyə Nazirliyinə, nazirlik tərəfindən isə həmin gün Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür.
Şəhadətnamənin verilməsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur.






