“Routes World 2026” forumunda Azərbaycana yeni birbaşa uçuşların açılması müzakirə olunur
Oktyabrın 21–23-də Almaniyanın Frankfurt şəhərində keçirilən “Routes World 2026” beynəlxalq aviasiya forumunda Azərbaycana yeni birbaşa uçuşların açılması, xarici aviaşirkətlərin ölkəmizə cəlb edilməsi və mövcud marşrut şəbəkəsinin genişləndirilməsi ilə bağlı danışıqlar aparılır.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Sfera.az-a bildirilib ki, “Routes” təşkilatının təşkil etdiyi forum aviaşirkətləri, hava limanlarını və turizm qurumlarını bir araya gətirərək beynəlxalq uçuş marşrutlarının inkişafı və strateji tərəfdaşlıqların qurulması üçün mühüm platforma rolunu oynayır. Builki tədbirdə 230-dan çox aviaşirkətin və 110-dan artıq ölkənin nümayəndələri iştirak edirlər.
Forumda Azərbaycanı “Azərbaycan Hava Yolları” QSC (AZAL) və Azərbaycan Turizm Bürosu birgə təmsil edir.
Tədbir çərçivəsində “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid və ölkənin hava limanlarının rəhbərliyinin iştirakı ilə beynəlxalq aviadaşıyıcıların nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib.
Görüşlərdə Azərbaycan hava limanlarından yeni birbaşa reyslərin açılması, ölkəmizə yeni aviaşirkətlərin cəlb olunması və mövcud tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
İşgüzar görüşlər çərçivəsində “Lufthansa Group”, “AirAsia Group”, “Air Serbia”, “Aegean Airlines”, “Etihad Airways”, “Transavia France”, “Malaysia Airlines”, “easyJet”, “Jazeera Airways”, “Oman Air”, “Wizz Air” və “VietJet Air” şirkətlərinin nümayəndələri ilə danışıqların aparılması nəzərdə tutulub.
Azərbaycanın aviasiya və turizm qurumlarının forumda birgə iştirakı beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi ilə ölkənin turizm potensialının təşviqinin əlaqələndirilməsinə xidmət edir. Əsas məqsəd Azərbaycanın beynəlxalq hava əlaqələrini gücləndirmək, sərnişinlər üçün birbaşa uçuş seçimlərini artırmaq və ölkəyə gələn xarici turistlərin sayının artmasına dəstək verməkdir.






