MEX rəhbəri: “Palatanın fəaliyyəti sahənin real ehtiyaclarına cavab verməlidir”
Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatasının yaradılması məhkəmə ekspertizası sahəsində peşəkar təmsilçiliyin formalaşdırılması və özəl ekspertlərin fəaliyyətinin gücləndirilməsi baxımından mühüm addımdır.
Bu fikirləri Sfera.az-a açıqlamasında Məhkəmə Ekspertizası Xidmətlərinin (MEX) direktoru Xəyyam İsgəndərov söyləyib.
Onun sözlərinə görə, ekspertiza müasir hüquq sistemində hüquqi biliklərlə xüsusi elmi və praktiki biliklərin kəsişdiyi mühüm fəaliyyət sahəsidir:
“İqtisadi münasibətlərin mürəkkəbləşdiyi, maliyyə əməliyyatlarının və əmlak mübahisələrinin daha çox ixtisaslaşmış təhlil tələb etdiyi şəraitdə ekspertlərin peşəkar fəaliyyətinin təşkili məsələsi də yeni məzmun qazanır. Bu baxımdan özəl ekspertlərin fəaliyyətini birləşdirən Palatanın yaradılması ayrı-ayrı mütəxəssislərin imkanlarını ümumi peşəkar inkişaf istiqamətləri ilə əlaqələndirmək üçün əhəmiyyətli platforma olacaq.
Peşəkar özünüidarəetmənin mühüm funksiyalarından biri müəyyən fəaliyyət sahəsinin ehtiyaclarını sistemli şəkildə müəyyənləşdirmək və həmin ehtiyacları əsaslandırılmış təşəbbüslərə çevirməkdir. Özəl məhkəmə ekspertlərinin vahid qurum ətrafında birləşməsi bu sahədə çalışan mütəxəssislərin üzləşdiyi təşkilati və peşəkar məsələlərin ümumiləşdirilməsinə, onların həlli yollarının müzakirəsinə və müvafiq təkliflərin hazırlanmasına şərait yaradacaq”.
MEX rəhbəri qeyd edib ki, belə bir qurumun əhəmiyyəti yalnız ekspertlərin maraqlarını təmsil etməklə məhdudlaşmır:
“Palata özəl ekspertiza sektorunun inkişaf ehtiyaclarının müəyyənləşdirilməsində, müxtəlif ixtisas istiqamətləri üzrə peşəkar əlaqələrin qurulmasında və sahənin gələcək inkişafına dair təşəbbüslərin koordinasiyasında də rol oynayacaq. Bu isə fərdi təcrübənin daha geniş peşəkar müzakirələrə daxil edilməsinə və praktiki problemlərə sistemli yanaşmanın formalaşmasına imkan verəcək”.

Ekspertin fikrincə, özəl məhkəmə ekspertizası sektorunun inkişafını dövlət ekspertiza sistemi ilə münasibətlərdən ayrı nəzərdən keçirmək düzgün olmazdı:
“Burada əsas məsələ müxtəlif fəaliyyət modellərini rəqabət və ya qarşıdurma kontekstində təqdim etmək deyil, hər birinin hüquqi statusuna və səlahiyyətlərinə uyğun fəaliyyət göstərməsini təmin edən aydın institusional mühitin formalaşdırılmasıdır. Səlahiyyətlərin dəqiq müəyyənləşdirilməsi və peşəkar ünsiyyət imkanlarının genişləndirilməsi sahədə yaranan məsələlərin daha əsaslı müzakirəsinə şərait yaradacaq.
Məhkəmə ekspertizasında ixtisaslaşmanın inkişafı da xüsusi əhəmiyyət daşıyır. Müxtəlif tədqiqat istiqamətləri fərqli metodoloji yanaşmalar, bilik bazası və praktiki hazırlıq tələb etdiyindən, peşəkar inkişaf tədbirləri sahələrin konkret ehtiyaclarına uyğun qurulmalıdır. İxtisaslar üzrə təcrübə mübadiləsi, peşəkar müzakirələr və praktiki problemlərin təhlili ekspertlərin bilik və bacarıqlarının inkişafına xidmət edən istiqamətlər kimi nəzərdən keçirilməlidir”.
Müsahibimiz vurğulayıb ki, Palatanın institusional dayanıqlılığı onun hüquqi əsaslarının və idarəetmə mexanizmlərinin nə dərəcədə aydın müəyyənləşdirilməsindən də asılı olacaq.
“Qurumun səlahiyyətləri, üzvlük münasibətləri və qərarların qəbul edilməsi qaydaları hüquqi müəyyənlik prinsipi əsasında tənzimlənməlidir. Bu, həm təşkilatın fəaliyyətində ardıcıllığın təmin olunması, həm də onun üzərinə düşən funksiyaların aydın çərçivədə həyata keçirilməsi üçün vacibdir.
Yeni Palatanın fəaliyyətinin nəticələri üzvlərin sayından və təşkilati tədbirlərin miqyasından daha çox sahənin real ehtiyaclarına verdiyi cavabla qiymətləndirilməlidir. Peşəkar problemlərin həllinə yönəlmiş təşəbbüslər, ixtisaslaşmanın inkişafına dəstək və özəl ekspertiza sektorunun institusional məsələləri üzrə əsaslandırılmış təkliflərin hazırlanması qurumun praktiki əhəmiyyətini müəyyən edən əsas istiqamətlər ola bilər” - Xəyyam İsgəndərov bildirib.
Əlavə edib ki, Palatanın yaradılması özəl məhkəmə ekspertlərinin təşkilatlanması ilə yanaşı, onların fəaliyyət göstərdiyi peşəkar mühitin daha sistemli inkişafı üçün də imkan yaradır.
“Bu imkanın davamlı nəticələr verməsi isə yeni qurumun formal struktur kimi deyil, üzərinə düşən funksiyaları aydın hüquqi çərçivədə həyata keçirən, sahənin ehtiyaclarını müəyyənləşdirən və onların həlli istiqamətində işlək təşəbbüslər irəli sürən peşəkar institut kimi formalaşmasından asılı olacaq. Palatanın fəaliyyəti sahənin real ehtiyaclarına cavab verməlidir. Məhkəmə Ekspertiza Xidmətləri olaraq biz də bu prosesdə yaxından iştirak etməyi nəzərdə tuturuq” - deyə, İsgəndərov fikrini yekunlaşdırıb.
İradə






