Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Oktyabrın 21-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Yeni Həyat və Şirvan küçələrinin kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məhdudiyyət səbəbindən 114B, 555 və 557 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
- 114B nömrəli marşrutun Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z.Tağıyev-Sahil avtomobil yolu, Şirvan küçəsi, Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad), Yeni Həyat küçəsi ilə təşkil ediləcək.
Əks istiqamətdə avtobuslar Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Şirvan küçəsi, H.Z.Tağıyev-Sahil və Bakı-Şamaxı-Yevlax avtomobil yolları ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.
- 555 və 557 nömrəli marşrutların Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z.Tağıyev-Sahil avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad), Şirvan küçəsi, Bakı-Şamaxı-Yevlax avtomobil yolu təşkil ediləcək.
Əks istiqamətdə avtobuslar Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Şirvan küçəsi, H.Z.Tağıyev-Sahil avtomobil yolu ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.
Hər üç marşrutun son dayanacağı Yeni Həyat küçəsi, giriş 289 ünvanında təyin edilib.






