Azərbaycanda nikah böhranı: Azalma nə qədər davam edəcək?
Azərbaycanda boşanmaların sayında azalma dayansa da nikahlarda azalma davam edir. Bu ilin ilk 8 ayının məlumatına əsasən, 26 485 nikah qeydə alınıb ki, bu da əvvəlki ilin eyni dövründən 4918 vahid və ya 15,2 faiz azdır. Hazırda hər 1000 nəfərə 3,9 nikah düşür. Ötən il bu göstərici 4,6 idi.
Maraqlıdır, nikahların sayındakı azalma hansı həddə qədər davam edə bilər?
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Sfera.az-a açıqlamasında bildirib ki, nikahların sayının azalma tendensiyası sosial-iqtisadi çətinliklər, insanların rifah tələblərinin artması və ailə münasibətlərinə vaxt ayırmaq imkanlarının məhdudlaşması ilə əlaqədardır.
O qeyd edib ki, insanlar iş, gündəlik qayğılar və stress səbəbindən ailə münasibətlərinə kifayət qədər diqqət ayıra bilmirlər:
"Bu amillər zamanla ailə qurmaq qərarına və münasibətlərin davamlılığına təsir göstərir. Hər 1000 nəfərə düşən nikahların sayının 4,6-dan 3,9-a enməsi ciddi göstəricidir. Nikahların azalması ilə yanaşı, boşanmaların sayının artması da ailələrin sabitliyinə mənfi təsir göstərən amillərdəndir”.

Ekspert düşünür ki, müasir dövrdə bir çox insan, xüsusilə gənclər ailə qurmağı rahatlıq və güvən mənbəyi kimi deyil, müəyyən risklərlə əlaqələndirirlər. Onun sözlərinə görə, xəyanətlə üzləşmək, sağlam münasibət qura bilməmək, toy və digər ailə xərclərinin yaratdığı maliyyə yükü gənclərin qərarlarına təsir edir:
“Nəticədə onlar ailə qurmağı təxirə salmağa və bu barədə daha uzun müddət düşünməyə üstünlük verirlər. Nikahların və boşanmaların dinamikası təkcə şəxsi seçimlərlə deyil, həm də iqtisadi şəraitlə birbaşa bağlıdır. Əməkhaqqının səviyyəsi, sabit iş imkanları, iş rejimi və karyera hədəflərinə çatmaq üçün yaradılan şərait ailə qurmaq qərarına təsir edən əsas amillər sırasındadır”.
Ekspertin fikrincə, nikahların sayında azalma tendensiyasının dəyişməsi üçün dövlətin effektiv sosial müdaxiləsinə ehtiyac var:
“Xüsusilə ailələrin sosial müdafiəsinin gücləndirilməsi, gənclərin tərbiyəsi və uşaqların, eləcə də ehtiyacı olan vətəndaşların himayəsi ilə bağlı proqramların genişləndirilməsi vacibdir. Ailələr özlərini sosial və iqtisadi baxımdan daha güvənli hiss etsələr, məişət və məşğulluq problemlərinin həlli istiqamətində imkanlar genişləndirilsə, mövcud vəziyyəti dəyişmək mümkün ola bilər. Əks halda, nikahların sayının azalması ilə bağlı proqnozlar nikbin görünmür”.
İradə Elsevər






