Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək.
Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə əsasən, nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və (və ya) nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz (mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq) POS-terminal hesab ediləcək.
Bundan başqa, qanuna "texnoloji neytrallıq” anlayışı əlavə edilir. Texnoloji neytrallıq dedikdə elektron ticarət münasibətlərində bu sahədəki normativ hüquqi aktlarla hər hansı bir texnologiyanın üstün tutulmaması, tətbiqində məhdudiyyətlərin qoyulmaması və müxtəlif texnoloji həllərin bərabər qəbul olunması başa düşüləcək.
Layihədə elektron ticarət zamanı ödəniş qaydalarının da dəyişdirilməsi nəzərdə tutulur. Təklifə görə, malların və xidmətlərin dəyərinin nağdsız ödənilməsi ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçiriləcək. Satıcılar isə alıcılara POS-terminal, elektron pul kisəsi və digər vasitələrlə ödəniş imkanları barədə məlumat verməlidirlər.
Eyni zamanda, elektron müqavilələrin bağlanması zamanı alıcıya təqdim edilməli məlumatların elektron sənəd formasında təsdiqlənmə vasitəsilə çatdırılması təklif edilir.
Layihəyə görə, "Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun yalnız ölkə ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəa (məhdudiyyət) ləğv ediləcək.






