Bu il əlilliyi olan neçə nəfər işlə təmin edilib? - RƏSMİ MƏLUMAT

Bu il əlilliyi olan neçə nəfər işlə təmin edilib? - RƏSMİ MƏLUMAT
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində müxtəlif dəstək tədbirləri həyata keçirilir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən bu kateqoriyadan olan şəxslərin münasib iş yerləri ilə təmin olunmasına kömək göstərilir, peşə hazırlığı kursları təşkil edilir, eləcə də özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılmasına dəstək verilir. Bundan başqa, əlilliyi olan şəxslərin əmək bazarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə müvafiq təşkilatlar və işəgötürənlərlə əməkdaşlıq edilir.

Bəs Azərbaycanda hazırda neçə nəfər əlilliyi olan şəxs Dövlət Məşğulluq Agentliyinin xətti ilə işlə təmin olunub? Onların məşğulluğunun təmin edilməsində hansı sahələrə üstünlük verilir?

Sfera.az bu barədə Dövlət Məşğulluq Agentliyinə sorğu göndərib. Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, fiziki məhdudiyyətli insanlar, yəni əlilliyi olan şəxslər üçün məşğulluq, eləcə də özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğullluq tədbirlərinin əsas istiqamətlərindən biridir:

“Əlilliyi olan şəxslərin işlə təmin edilməsi məqsədilə işəgötürənlər üzrə kvota iş yerləri tətbiq edilir. Kvota iş yerləri sosial müdafiəyə xüsusi ehtiyac olan işaxtaran və işsiz şəxslərin işlə təmin edilmələri üçün işəgötürənlər üzərində tətbiq edilən iş yerləridir. Əlavə olaraq, əlilliyi olan şəxslərin işlə təmin edilməsi istiqamətində aşağıdakı stimullaşdırıcı və həvəsləndirici aktiv məşğulluq proqramları da var. Bunlar sosial iş yerləri proqramı, kvotadan əlavə iş yerləri, məqsədli proqramlar və s-dir”.

Qurumdan verilən məlumata görə, Dövlət Məşğulluq Agentliyi tərəfindən 2025-ci ildə 189386 nəfər işlə təmin edilib:

“Onlardan 5795 nəfərini əlilliyi olan şəxslər təşkil edib. İşlə təmin olunmuş əlilliyi olan şəxslərdən 1975 nəfəri isə qadınlar olub. 2026-cı ilin 9 ayı ərzində 3278 əlilliyi olan şəxs işlə təmin edilib, 444 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Əlilliyi olan şəxslər onların bacarıq və imkanlarına, həmçinin vakansiya tələblərinə uyğun olaraq müxtəlif sahələrdə mövcud olan vakansiyalar üzrə işlə təmin edilirlər. Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili həyata keçirilir. Agentlik tərəfindən Azərbaycan Karlar Cəmiyyəti, Gözdən Əlilliyi olan Şəxslər Cəmiyyəti, digər müxtəlif təşkilatlar, ictimai birliklər və işəgötürənlərlə əməkdaşlıq edilməklə əlilliyi olan şəxslər üçün peşə hazırlığı kursları (kompüter operatoru, tikişçi və s.) təşkil olunur. Cari ildə 304 nəfər əlilliyi olan şəxs peşə hazırlığına cəlb olunub. Kursları başa vurmuş şəxslərin işlə təminatına da dəstək göstərilib”.

Agentlik tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və cəmiyyətə adaptasiyası məqsədilə layihələr icra olunur.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR