Bakıdan gələn həmrəylik
Oktyabrın 15-də Bakı şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü baş tutmuşdur. Azərbaycanın bu mötəbər quruma sədrliyi 2024-cü ildə qəbul edilmişdir. AQEM-də sədrliyin daha iki il müddətinə uzadılması təklifinə bu görüşdə bütün üzv olan dövlətlər tərəfindən dəstək verilmişdir.
Dövlətlərarası münasibətlərin bu cür möhkəmləndirilməsi, qarşılıqlı etimadın və fəaliyyətin artırılması beynəlxalq əməkdaşlığın əsas xüsusiyyətlərindəndir.
Dövlət Başçımız İlham Əliyevin 15 oktyabr 2026-cı il tarixdə Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündəki çıxışı da ölkəmizin bu istiqamətdəki mövqeyini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha göstərdi. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində qarşılıqlı və faydalı tərəfdaşlıq, dövlətlər arasında etibarlı münasibətlərin qurulması əsas yer tutur.
Prezident çıxışında beynəlxalq münasibətlərdə ikili standartların tətbiqinə qarşı ölkəmizin daha prinsipial mövqe nümayiş etdirdiyini vurğuladı. Bu mövqe də beynəlxalq hüququn bütün dövlətlərə eyni qaydada tətbiq edilməsinin və ədalətin siyasi maraqlardan üstün olduğunun vacibliyini göstərir.
Çıxışda Azərbaycan-Ermənistan məsələsi, illər boyu bizə qarşı edilən haqsızlıqlar, təxribatlar haqqında da məlumat verildi. Çıxışda Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının işğalçı və qaniçən erməni qüvvələrinin zəbt olunmuş ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələrin uzun müddət icra edilmədiyini də xatırlatdı. Ölkəmizin mövqeyi ondan ibarətdir ki, davamlı sülhün təməli ədalətli olsun, qarşılıqlı hörmətə söykənsin.
Zirvə görüşündə əsas hadisələrdən biri Laos Xalq Demokratik Respublikasının AQEM-ə yeni üzv dövlət kimi qəbul edilməsi oldu. Bu qərar Asiya ölkələri arasında münasibətlərin daha sıx artmasına kömək edəcək. Laos Prezidenti 2021-ci ildən istifadəyə verilmiş Laos-Çin dəmiryolu şəbəkəsinin Mərkəzi Asiyaya, xüsusilə dəhliz olaraq Azərbaycana uzadılmasında əməkdaşlıq təklifi ilə çıxış etdi.
Azərbaycanın AQEM-ə sədrliyi dövründən rəqəmsallaşma, nəqliyyat-logistika, ətraf mühitin qorunması, turizm, təhsil və elm sahələrində əməkdaşlığın inkişafına xüsusi önəm verilmişdir.
Sonda onu qeyd edək ki, Azərbaycanın sədrliyinin yenidən davam etdirilməsi ölkəmizə regional dialoqun inkişafı və AQEM-in imkanlarının genişləndirilməsi istiqamətində yeni təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar açacaq.
Əliəskərova Nuray,
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini






