Bu müəllimlərdən vergi alınsın? - Ekspert rəyi
Fərdi repetitorluq sahibkarlıq fəaliyyəti hesab edilir və bu fəaliyyətlə məşğul olanlar fiziki şəxslər kimi sahibkarlıq fəaliyyətinə başladıqları günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdırlar.
Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib. Məlumatda qeyd edilir ki, vergi uçotuna alınma kağız daşıyıcısında "Fiziki şəxsin vergi uçotu haqqında ərizə" və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Həmin şəxslər vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərlər. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən "Asan İmza") əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır. Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir. Vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilən vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilərlər.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycanda repetitorluq fəaliyyəti 1992-ci ildə test üsulunun tətbiqindən sonra geniş şəkildə başlayıb.

Ekspertin fikrincə, artıq cəmiyyətdə ali məktəblərə hazırlığın repetitor vasitəsi ilə aparılması ənənəsi möhkəmlənib:
"İş o yerə çatıb ki, valideynlər indi təkcə yuxarı sininf şagirdlərini deyil, ibtidai siniflərdə oxuyan uşaqları da dərsdən sonra müəllim yanına hazırlığa göndərirlər. Səbəb də əlbəttə ki , orta məktəblərdə təhsilin keyfiyyəti aşağı olmasıdır . Hazırda repetitorluqla məşğul olan müəllimlər bir şagirdi 50-150 manata hazırlaşdırırlar. Repetitorluqla məşğul olan müəllimləri bir neçə kateqoriyaya bölsək, əsas üstünlüyü orta məktəbdə işləyən və ümumiyyətlə təhsil sistemində işləməyənlər təşkil edir. Orta məktəb müəllimi kimi aldığı maaş ailəsinin dolanışığına çatmadığından, dərsdən evə gələndən sonra mənzilindəcə repetitorluq fəaliyyətilə məşğul olan, yəni uşaq hazırlaşdıran kifayət qədər müəllim var. Onlar 100-200 manat məvacib alırlar. Əlbəttə ki, bu məbləğ yaşamaq üçün kifayət deyil. Orta məktəb müəllimlərinin xərcləri təkcə özləri deyil, onlar həm də məktəbə, direktora pul verir ki, onlara şərait yaratsın. Məcbur olub evdə repetitorluq edirlər. Guya dərsdən sonra istirahət etməyi onlar istəmir? Əmək haqqı kifayət qədər olmadığına görə müəllimlər repetitorluq etməyə məcburdur. Valideynlər hələ bilmirlər ki, məktəbdə müəllimdən nə qədər xırda-para şeylərə pul istənilir".
Kamran Əsədov təklif edir ki, repetitorluqla mübarizə yox, onun leqallaşması, rəsmiləşdirilməsi və bu işin təşkili vacibdir:
"Repetitor dedikdə çoxları onların ölkəmizdə keçən əsrin 90-cı illərindən yarandığını iddia edir. Əslində təhsil sistemi formalaşandan dünyanın inkişaf etmiş ölkələrinin hamısında, o cümlədən Azərbaycanda repetitorluq olub. Lakin keçən əsrin 90-cı illərinin əvvəllərinə qədər müəllimlər əlavə oxumaq və öyrənmək istəyən şagirdlərə təmənnasız dərs keçiblər və cəmiyyət belə bir əlavə hazırlığın maddiyyətə bağlı gərginliyini yaşamayıb. Bu səbəbdən də heç kəs müəllimi əlavə dərs üçün qınaq obyektinə çevirməyib. Həm güclü müəllimlərin çox olması, həm də əlavə dərslərin təmənnasız aparılması neqativ təsəvvürlərin formalaşmasına imkan verməyib. Onu da deyək ki, bu gün də yüzlərlə yüksək səviyyəli müəllimlərimiz, xüsusən də kənd rayonlarında təmənnasız olaraq şagirdlərin əlavə hazırlığı ilə məşğul olurlar. Təəssüf ki, müəllimlik ixtisasları üzrə universitetlərə qəbul zamanı ən aşağı bal ilə məhz ibtidai sinif müəllimi olmaq istəyənlər qəbul olunurlar. Repetitorluq dünyanın bir çox dövlətlərində var. Hətta Yaponiya kimi inkişaf etmiş ölkədə də belə fəaliyyət var. Orada məktəb təhsili 12 ildir və onun yarısı ibtidai məktəbə aiddir. Bu onunla əlaqədardır ki, yapon dilinin öyrənilməsi çətin və çox əmək tələb edəndir. Hər gün adi məktəbdə oxuduqdan sonra uşaqlar başqa, məcburi olmayan, lakin orta məktəbin digər pilləsinə keçid və universitetə daxil olmaq üçün çox vacib olan digər məktəbə gedirlər. Bu məktəb "dzyuku" adlanır, tərcümədə "məharət məktəbi", daha doğrusu, "repetitor məktəbi"dir. Həmin məktəbdə xüsusi dəvət edilmiş müəllimlər əsas məktəbdə şagirdlərə deyilənləri bir daha izah edir və bu biliklərə yenilərini də əlavə edirlər ki, şagirdlər imtahanı yüksək səviyyədə verə bilsinlər.
Bilirsiniz, yaxşı repetitor olmaq üçün öz fənnini əla bilmək hələ kifayət deyil. Müəllim-repetitor müəyyən qədər psixoloq da olmalıdır: hər bir dərsi o, fərdi aparır və şagird ilə fərdi məşğul olmaq göründüyündən daha mürəkkəbdir. O, valideynlərin əksəriyyətinin övladlarının universitetlərə daxil olmasını əsas məqsəd hesab etmələrini də düzgün saymır. Eyni zamanda məktəblərdə savadlı müəllimləri dəyərləndirən və saxlayan sistemin yaradılmasının vacibliyini önə çəkir. Lakin hesab edirəm ki, bu fəaliyyət ilə məşğul olan hər kəs sadələşdirilmiş qaydada vergi ödəyicilərinə çevrilməlidir".
Çinarə Məmmədova
Sfera.az






