Xocavəndin 2 kəndinə qaz xətti çəkilir

Xocavəndin 2 kəndinə qaz xətti çəkilir
Kateqoriya məlum deyil
T

“İşğaldan azad olunmuş ərazilərdə əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zəruri infrastrukturun, o cümlədən qaz şəbəkəsinin qurulması və genişləndirilməsi davam etdirilir”.

Sfera.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsinin (RQİİ) baş mühəndisi Qiyas Abdullayev Xocavəndə təşkil olunan mediatur zamanı bildirib.

Onun sözlərinə görə, “Azəriqaz” tərəfindən Xocavəndin yaşayış üçün hazırlanan kəndlərində qazlaşdırma işləri mərhələli şəkildə həyata keçirilir: “Bu çərçivədə Kiş və Güneyçartar kəndlərində qaz xətlərinin çəkilişi üzrə işlər davam etdirilir. Kiş kəndində ümumilikdə 16 756 metr müxtəlif diametrli polietilen borular vasitəsilə qaz xəttinin çəkilməsi nəzərdə tutulur. Artıq 7018 metr xətt çəkilib. Kəndə cari ildə 110 ailənin köçürülməsi planlaşdırılır”.

Q. Abdullayev qeyd edib ki, Güneyçartar kəndində yeraltı və yerüstü üsulla, polad və polietilen borulardan istifadə edilməklə ümumilikdə 4519 metr qaz xəttinin çəkilməsi nəzərdə tutulub: “Hazırda 1388 metrədək xəttin çəkilişi tamamlanıb, ərazidə qazıntı işləri də həyata keçirilib. Kəndə cari ildə 30 ailənin köçürülməsi planlaşdırılır. Qazlaşdırma işlərinin başa çatdırılması ilə hər iki kənddə yaşayış üçün yaradılan şəraitin daha da yaxşılaşdırılması və sakinlərin dayanıqlı təbii qazla təmin edilməsi nəzərdə tutulur.

2026-cı il ərzində işğaldan azad olunmuş ərazilərdə 53 yaşayış məntəqəsində qazlaşdırma işləri həyata keçirilir. Hazırda ümumilikdə 263,5 kilometr qaz xətti çəkilib”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR