Azərbaycanın qış turizmi potensialı Londonda təqdim olundu - FOTO

Azərbaycanın qış turizmi potensialı Londonda təqdim olundu - FOTO
Kateqoriya məlum deyil
T

Azərbaycanın qış turizmi imkanları 17-18 oktyabr tarixlərində "London Snow Show 2026" sərgisində təqdim olunub.

Sərgi çərçivəsində Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədri Florian Zenqstşmid "Euronews"un “Grand Voyager” səyahət proqramının aparıcısı Lilli Dausun moderatorluğu ilə keçirilən “The Future of the Ski Holiday” (“Xizək turizminin gələcəyi”) adlı panel müzakirəsində iştirak edib.

Müzakirədə, həmçinin Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) idman və tədbirlər üzrə direktoru Sandra Spitz və "Mountain Trade Network"un təsisçisi, "Snow Show" sərgisinin tədbir direktoru Ceyms Qambrill iştirak ediblər. Paneldə yeni dağ-xizək istiqamətləri, səyahətçilərin dəyişən gözləntiləri və qış turizminin gələcək inkişaf tendensiyaları müzakirə olunub. Florian Zenqstşmid Azərbaycanın dağ turizmi sahəsindəki inkişafı və ölkənin mövcud imkanları barədə məlumat verib.

Sərgidə “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi xizək, snoubord və digər açıq hava fəaliyyətləri üzrə imkanlarını təqdim ediblər.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov da ölkə stendini ziyarət edib.

Bu il 50-ci dəfə təşkil olunan "London Snow Show" qış idman növləri və turizm istiqamətlərini bir araya gətirən beynəlxalq tədbirdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR