Bakıda beynəlxalq sirk şousu başlayır: Proqramda nələr olacaq?

Bakıda beynəlxalq sirk şousu başlayır: Proqramda nələr olacaq?
Kateqoriya məlum deyil
T

Bakıda “The World of Adrenaline” adlı beynəlxalq sirk proqramı başlayır. Layihə həm maraqlı tamaşalar, həm də Azərbaycan sirk sənətinin gələcək inkişafı ilə bağlı planlarla diqqət çəkir.

Sfera.az xəbər verir ki, oktyabrın 17-dən noyabrın 29-dək "Circus Sea Breeze" arenasında keçiriləcək proqramda müxtəlif ölkələrdən dəvət olunan peşəkar artistlər çıxış edəcəklər.

Tamaşaçılar atların iştirakı ilə hazırlanan çıxışları, braziliyalı kaskadyorların təhlükəli tryuklarını, hava gimnastlarının və akrobatların nömrələrini izləyə biləcəklər. Proqramda klounun çıxışı da yer alacaq.

Tədbirin təşkilatçısı, “Sirk Oskarı” mükafatının laureatı Allahverdi İsrafilov ilk tamaşaları xeyriyyə məqsədilə təşkil edəcək. Oktyabrın 17-də valideyn himayəsindən məhrum olan uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlar, eləcə də şəhid və qazi ailələrinin övladları sirk şousuna ödənişsiz baxa biləcəklər.

Azərbaycan sirk sənətinin inkişafı üçün yeni planlar

Allahverdi İsrafilovun qarşıya qoyduğu əsas məqsədlərdən biri Azərbaycanda sirk sənətinin inkişafına yeni təkan vermək, milli ənənələri qorumaq və yerli artistlərin beynəlxalq səviyyədə tanınmasına nail olmaqdır.

Bu məqsədlə Azərbaycanda sirk studiyası və məktəbinin yaradılması, gənc istedadların yetişdirilməsi, beynəlxalq sirk festivallarının ölkəmizdə təşkili və Azərbaycan artistlərinin nüfuzlu xarici festivallarda iştirakının genişləndirilməsi nəzərdə tutulur.

Həmçinin yerli artistlərin imkanlarını nümayiş etdirən yeni sirk proqramlarının hazırlanması və milli sirk nömrələrinin dünya səhnələrində təqdim edilməsi əsas hədəflər sırasındadır. Bu təşəbbüslərlə Azərbaycanda sirk sənətinin davamlı inkişafı üçün şərait yaradılması və gələcək nəsil artistlərin yetişdirilməsi qarşıya məqsəd qoyulub.

Qeyd edək ki, “The World of Adrenaline” proqramı çərçivəsində tamaşalar hər həftənin şənbə və bazar günləri saat 12:30 və 15:30-da keçiriləcək. Biletlərin qiyməti 15 manatdan başlayır.

Biletləri şəhərin bütün kassalarından və https://iticket.az/events/circus/the-world-of-adrenaline-circus454 saytından əldə edə bilərsiniz.

İradə Elsevər

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR