Bu avtobuslar ölümə aparır, minməyin! - Sərnişinlərə xəbərdarlıq
"Qanunsuz sərnişindaşıma hallarına əsasən "20 Yanvar", "Əhmədli" və "Koroğlu" metrostansiyalarının ətrafında rast gəlinir"
Sfera.az bildirir ki, bunu azvision.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
BNA rəsmisi bildirib ki, qanunsuz sərnişin daşıyanlarla bağlı onlara vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olur.
"Bu mikroavtobusların əksəriyyəti sərnişin daşımaq üçün nəzərdə tutulmayıb, yük daşınması üçün nəzərdə tutulub. Lakin sonradan onların daxili konstruksiyasına edilən dəyişiklərlə sərnişin daşıyırlar, bu isə ciddi təhlükə mənbəyidir".
M.Ağayev vurğulayıb ki, qanunsuz sərnişin daşıyan mikroavtobusların fəaliyyət göstərməsində sərnişinlərin də günahı var.
"Bu cür yararsız nəqliyyat vasitələrindən istifadə edən sərnişinlər var. Əgər belə avtobuslardan istifadə edən olmasa, onlar bazardan çıxarlar.
Təəssüf ki, sərnişinlər yararsız mikroavtobuslara minərək həyatlarını təhlükəyə atırlar. İnsanlar harasa tələsirlər və vaxta qənaet etmək istəyirlər, lakin bu onlara həyatlarıı bahasına başa gələ bilər".
Qeyd edək ki, qanunsuz fəaliyyət göstərən avtobuslar dəfələrlə qəzalara və ölümlərə səbəb olub. Buna baxmayaraq, hələ də paytaxtda belə avtobuslara rast gəlmək mümkündür.






