"Süni intellekt dövlət qulluqçusunun işini asanlaşdırmalıdır"
“Süni intellekt dövlət qulluqçusunun işini asanlaşdırmalı, dövlətin vətəndaş qarşısındakı hüquqi məsuliyyətini isə əvəz etməməlidir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü iclasında “Dövlət xidmətləri haqqında” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, qanun layihəsi mövcud qanunvericiliyin təkmilləşdirilməsini, elektron xidmət anlayışının dəqiqləşdirilməsini və Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) tətbiq imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Onun sözlərinə görə, dəyişikliklərin arxasında dövlətlə vətəndaş münasibətlərinin böyük tarixi inkişaf yolu dayanır:
“Bir vaxtlar “dövlət xidməti” dedikdə vətəndaşın idarəyə gəlməsi, hakimiyyət təmsilçisi və məmurla əyani görüşməsi, sənədlərini şəxsən təqdim etməsi və cavab gözləməsi başa düşülürdü. Əlbəttə, birbaşa insan ünsiyyəti, fiziki qəbul və fərdi müraciət imkanları heç vaxt inkar olunmur və olunmamalıdır. Lakin müasir dövlətin gücü həm də vətəndaşın vaxtına qənaət etməsində, onu idarələr arasında zaman itirmək məcburiyyətindən azad etməsində və xidmətləri daha əlçatan etməsindədir”.
Komitə sədri vurğulayıb ki, Azərbaycan ASAN xidmət modeli ilə mühüm yeniliklərə imza atıb, elektron xidmətlərin və EHİS üzərindən elektron kabinet imkanlarının genişləndirilməsi isə dövlət idarəçiliyində növbəti mərhələdir:
“Hesab edirəm ki, gələcək mərhələ süni intellekt əsaslı dövlət xidmətləri olacaq. Vətəndaşın müraciətini anlayan, qanunvericiliyi izah edən, tələb olunan sənədləri müəyyənləşdirən və müxtəlif qurumların xidmətlərini əlaqələndirən intellektual platformalar dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevrilə bilər”.
Z.Oruc dövlət xidmətlərinin rəqəmsallaşdırılması yeni idarələrin yaradılmasını deyil, vətəndaşların idarələrə müraciət ehtiyacının azaldılmasını hədəfləməlidir.
O, yeni rəqəmsal platformaların Azərbaycanda dövlət xidmətlərinin effektivliyini artıracağına inandığını bildirib.
Bəsti Rəfizadə






