Elektron dövlət xidmətləri ilə bağlı qaydalar dəyişir
Azərbaycanda elektron dövlət xidmətlərinin göstərilməsi və informasiya sorğularının təqdim olunması qaydaları təkmilləşdirilir.
Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Dövlət xidmətləri haqqında” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Dəyişikliklərə əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda elektron xidmət anlayışı yenilənir. Elektron xidmət dövlət xidmətlərinin informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə, tərəflər arasında birbaşa təmas olmadan göstərilməsi forması kimi müəyyənləşdirilir. Xidmətin məqsədləri üçün birbaşa təmasın tələb olunduğu hallar istisna təşkil edir.
Bundan başqa, elektron xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən, eləcə də rəsmi internet resurslarında və sahəvi portallarda həmin sistemə keçid verilməklə təqdim olunması qaydaları müəyyənləşdirilir. “İnformasiya əldə etmək haqqında” Qanuna edilən dəyişikliklər isə informasiya sorğularının elektron kabinet vasitəsilə göndərilməsini və cavablandırılmasını nəzərdə tutur. Yeni müddəalara əsasən, sənədləri EHİS-dəki elektron kabinet üzərindən təqdim etmək mümkün olacaq.
Elektron kabinet vasitəsilə sorğu göndərildikdə və ya cavabın həmin kabinet üzərindən alınması istənildikdə, fiziki şəxslər üçün fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxslər üçün isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) identifikasiya məlumatları sırasına daxil edilir. Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Bəsti Rəfizadə






