Dövlət qulluqçularının və hərbçilərin pensiya qaydaları dəyişir
Azərbaycanda dövlət qulluqçularının və Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların pensiya təyinatı mexanizmi dəyişdiriləcək. Yeni yanaşma pensiyaların fərdi hesablarda toplanan pensiya kapitalı əsasında hesablanmasını və sabit məbləğdə aylıq pensiya əlavələrinin tətbiqini nəzərdə tutur.
Sfera.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin payız sessiyasının bugünkü plenar iclasında üçüncü oxunuşda qəbul edilib.
Dəyişikliklərin əsas məqsədi pensiya təminatında vahid sığorta prinsiplərinin tətbiqi, mövcud mexanizmlərin təkmilləşdirilməsi və pensiya məbləğləri arasındakı qeyri-bərabərliyin aradan qaldırılmasıdır.
Hazırda dövlət qulluqçularının pensiya məbləği əməkhaqqındakı artımlarla, hərbi qulluqçuların pensiyası isə sonuncu təminat xərcliyi ilə əlaqələndirilir. Təklif olunan dəyişikliklərə əsasən, bu əlaqə aradan qaldırılacaq və pensiyalar fərdi şəxsi hesablarda qeydə alınan pensiya kapitalı əsasında hesablanacaq.
Yeni mexanizmə görə, dövlət qulluqçularına pensiya ilə yanaşı, qulluq stajına görə əlavə əvəzinə aylıq pensiya əlavəsi veriləcək. Əlavənin məbləği inzibati təsnifat üzrə müəyyənləşdiriləcək. Səlahiyyət müddətinə görə pensiya alan şəxslər üçün isə əlavələr konkret vəzifələr üzrə sabit məbləğdə müəyyən ediləcək.
Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçulara da pensiya kapitalı əsasında ümumi qaydada pensiya təyin olunacaq. Bununla yanaşı, onlara hərbi rütbələr üzrə müəyyən edilən sabit məbləğdə aylıq pensiya əlavəsi veriləcək.
Dəyişikliklər pensiyaların və pensiya kapitallarının indeksləşdirilməsi mexanizmini də əhatə edir. Hazırda əmək pensiyaları ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə, fərdi hesablarda qeydə alınan pensiya kapitalları isə istehlak qiymətləri indeksinə uyğun artırılır.
Yeni yanaşmaya əsasən, pensiyaların və pensiya kapitallarının indeksləşdirilməsi diferensial qaydada həyata keçiriləcək. Yüksək məbləğli pensiyalara və pensiya kapitallarına fərqli yanaşılacaq, aşağı məbləğlər isə əvvəlki kimi tam məbləğdə indeksləşdiriləcək.
Sənəddə qeyd olunur ki, islahatlar pensiya təminatında bərabərsizliyin azaldılmasına, aşağı məbləğli pensiyaların artırılmasına və Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığının gücləndirilməsinə imkan yaradacaq.
Bundan başqa, pensiyaların və aylıq əlavələrin proaktiv qaydada, yəni vətəndaşların müvafiq qurumlara müraciət etməsinə ehtiyac qalmadan elektron formada təyin edilməsi imkanı yaranacaq.
Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bəsti Rəfizadə
Sfera.az






