Hicabla məktəbə getmək olarmı? - Hüquqşünasdan VACİB AÇIQLAMA
“Mən namaz qılıram, oruc tuturam. 18 yaşım tamam olanda hərbi xidmətə getməliyəm. Amma üzüm saqqallıdır. Hərbi xidmət zamanı saqqal saxlamağa icazə verilməyəcək. Çünki hərbi xidmətin təşkili ilə bağlı əsasnamə və qanunvericilik var. Həmin sənədlərdə hərbi qulluqçuların geyim forması və davranış qaydaları dəqiq göstərilib. Nazirlər Kabinetinin məktəblərlə bağlı qəbul etdiyi qərar da mahiyyət etibarilə eyni məsələdir”.
Sfera.az xəbər verir ki, bu sözləri yazıçı, hüquqşünas Müşfiq Abbasov deyib.
Onun sözlərinə görə, Konstitusiyada din və vicdan azadlığı təsbit olunsa da, bu, hər kəsin istənilən yerdə istədiyi geyimdə ola biləcəyi anlamına gəlmir:
“Konstitusiya təməl prinsipləri müəyyən edir. Konstitusiyada din və vicdan azadlığı təsbit olunub. Lakin bu, o demək deyil ki, insan istədiyi yerə istədiyi geyimdə daxil ola bilər. Çünki Konstitusiyada nəzərdə tutulan hüquqlar qanunlarla müəyyən çərçivədə tənzimlənir.
Məsələn, Konstitusiyada hər kəsin azadlıq hüququ var. Ancaq cinayət törədən şəxs bu hüquqa istinad edərək həbs olunmaqdan yayına bilməz. Eyni zamanda, hər kəsin istirahət hüququ olsa da, bu hüququn həyata keçirilməsi də müəyyən qaydalarla tənzimlənir
Göründüyü kimi, Konstitusiyada təsbit olunan hüquqların həyata keçirilməsi qanunvericiliklə müəyyən çərçivədə tənzimlənə bilər. Buna görə də Nazirlər Kabinetinin məktəblərlə bağlı qəbul etdiyi qərarın Konstitusiyaya zidd olduğunu demək düzgün deyil”./yenisabah






