Dövlət saytlarına qarşı kiberhücumların əsas məqsədi nədir? - AÇIQLAMA
Oktyabrın 13-də saat 22:00 radələrindən etibarən Azərbaycanın dövlət informasiya infrastrukturuna qarşı kiberhücumlar qeydə alınıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, xarici haker qruplaşması tərəfindən 100-dən artıq dövlət domeni hədəfə alınıb.
Hücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülən texniki tədbirlər sayəsində hücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib. Hazırda kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bəs dövlət saytlarına qarşı bu cür hücumların əsas məqsədi nədir? Hücumlar yalnız internet resurslarının fəaliyyətini dayandırmağa, yoxsa daha geniş siyasi və strateji hədəflərə xidmət edə bilər?
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamentinin rəhbəri Fərid Musayev Sfera.az-a açıqlamasında bildirib ki, dövlət infrastrukturlarına və rəsmi saytlara qarşı kiberhücumların məqsədi hücumun növündən və onu həyata keçirən tərəfin kimliyindən asılı olaraq dəyişir.

Ekspertin sözlərinə görə, bu cür hücumların əsas məqsədlərindən biri psixoloji və siyasi təsir göstərməkdir:
“Dövlət saytlarına qarşı hücumların geniş yayılmış məqsədlərindən biri informasiya müharibəsi aparmaqdır. Dövlət saytlarının, o cümlədən sosial xidmətlərin və elektron hökumət portallarının fəaliyyətinin dayandırılması vətəndaşlarda dövlətin özünü qoruya bilmədiyi və sistemin çökmək üzrə olduğu barədə təəssürat yarada bilər. Bu isə sosial narazılığa və panikaya səbəb olmaq üçün istifadə edilir. Digər məqsəd dövlətin rəqəmsal infrastrukturunun zəif olduğunu göstərməklə dövlət institutlarına olan etimadı sarsıtmaqdır. Bəzi hallarda hücumçular rəsmi saytları ələ keçirərək həqiqi məlumatların əvəzinə yalan xəbərlər və manipulyativ informasiyalar yaymağa çalışırlar. Əgər hücum bir dövlət tərəfindən digər dövlətə qarşı həyata keçirilirsə, bu, daha genişmiqyaslı kiber müharibənin tərkib hissəsi ola bilər. Belə hücumlar kritik infrastrukturun, o cümlədən enerji, su, nəqliyyat və rabitə sistemlərinin idarə edilməsinə təsir göstərmək məqsədi daşıya bilər. Nəticədə real həyatda xidmətlərin dayanması, elektrik enerjisinin verilməsində və ya rabitədə fasilələrin yaranması kimi problemlər meydana çıxa bilər. Bununla yanaşı, hücumçuların məqsədi hər zaman dərhal zərər vurmaq olmur. Bəzən onlar dövlətin daxili şəbəkə strukturunu, istifadə olunan texnologiyaları və sistemlərin zəif nöqtələrini öyrənməyə çalışırlar. Toplanan məlumatlar gələcəkdə daha genişmiqyaslı hücumların hazırlanması üçün istifadə edilə bilər”.
Fərid Musayev kiberhücumların texniki və maddi məqsədləri də olduğunu açıqlayıb:
“Bunlara dövlət sənədlərinin, hərbi sirlərin, diplomatik yazışmaların və vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi daxildir. Belə məlumatların oğurlanması kəşfiyyat məqsədi daşıya, həmçinin gələcəkdə şantaj üçün istifadə oluna bilər. Digər hücum növlərindən biri DDoS hücumlarıdır. Bu zaman internet resursuna həddindən artıq sayda sorğu göndərilərək onun fəaliyyətinin dayanmasına səbəb olunur. Belə hücumlar bəzən diqqət çəkmək, güc nümayiş etdirmək və ya diqqəti eyni vaxtda baş verən başqa bir kiberhadisədən yayındırmaq məqsədi daşıyır.
Bundan başqa, bəzi cinayətkar qruplar dövlət qurumlarının məlumatlarını şifrələyərək onların bərpası müqabilində pul tələb edirlər. Bu cür hücumlar "ransomware" adlanır. Ümumilikdə, dövlət saytlarına qarşı kiberhücumların görünən və gizli məqsədlərini fərqləndirmək mümkündür. Görünən hücumlar, məsələn, DDoS vasitəsilə saytın fəaliyyətinin dayandırılması diqqət çəkmək, panika yaratmaq və güc nümayiş etdirmək məqsədi daşıya bilər. Gizli hücumlarda isə əsas hədəf sistemdə uzun müddət aşkar edilmədən qalmaq, kritik məlumatları toplamaq və strateji üstünlük əldə etməkdir”.
Bəsti Rəfizadə
Sfera.az






