Bəlkə də, sandıqdan çıxarıb gündəlik həyatımıza qaytarmalıyıq...

Bəlkə də, sandıqdan çıxarıb gündəlik həyatımıza qaytarmalıyıq...
Kateqoriya məlum deyil
T

Yəqin ki, çox nadir geyim akssesuarları var ki, onlara baxanda şadyanalıq, müsbət enerji insana yüklənir. Mənə görə həmin geyim aksesuarlarının içərisində kələğayı öndə gəlir.

Düzdür, bir zamanlar xanımların gündəlik həyatında mühüm yer tutan bu zərif parça hazırda aktuallıq daşımır, lakin məkan və zaman fərqi olmadan kələğayı Azərbaycan qadınına xüsusi bir zəirflik, harmoniya qatır.

Məncə, kələğayı sadəcə baş örtüyü deyil, Azərbaycan qadınının zövqünü, adət-ənənələrini və milli kimliyini yaşadan mədəni irs nümunəsidir. İpəyin üzərində salınan hər naxışın isə öz yeri, hər rəngin öz ahəngi var.

Kəlağayının hazırlanması isə ilk baxışdan göründüyü qədər sadə deyil. Burada tələskənliyə yer yoxdur. Parçanın üzərinə naxış salınmasından boyanmasına qədər hər mərhələ diqqət və səbir tələb edir. Kiçik bir səhv belə, son nəticəyə təsir göstərə, bütün işi məhv edə bilər.

Bu nadir və zərif nümunənin necə ərsə gəldiyinə isə İsmayıllının Basqal qəsəbəsində şahidlik etdim...

Kələğayının hazırlanması üçün nə qədər zaman lazımdır?

İllərdir ki, kələğayı ustası kimi çalışan Hikmət Qəhrəmanov bildirdi ki, sənətinin yaşadılması üçün onu gənclərə ötürməyə hazırdır. Amma gərək bu işə sevgi ilə yanaşasan, həqiqətən də maraqlı olasan.

Kəlağayının hazırlanması naxışların parçaya köçürülməsi ilə başlayır. Usta əvvəlcə qəliblər vasitəsilə ipəyin üzərinə naxışlar salırdı. Naxışların düzgün yerləşdirilməsi kəlağayının ümumi görünüşünü müəyyənləşdirdiyi üçün ustalar bu mərhələdə xüsusilə diqqətli idi. Proses zamanı sual versək də, usta başını qaldırmadan cavab verərək maksimum ehtiyatla işinə davam edirdi.

Usta bildirdi ki, naxış işi bitəndən sonra boyama mərhələsi başlayır. Parça istənilən rəngə boyandıqdan sonra bir gün saxlanılır. Ardınca yuyulur və qurudulur. Bütün mərhələlər ardıcıllıqla tamamlandıqdan sonra kəlağayı istifadəyə hazır olur. Kəlağayının gözəlliyi yalnız seçilən rəngdə deyil, naxışların ahəngində və işin səliqəsində də özünü göstərir.

Kələğayıdakı ornamentlər...

Kəlağayılarda bitki motivlərinə, yarpaq və çiçək təsvirlərinə, həndəsi fiqurlara, eləcə də digər naxışlara rast gəlinir. Bitki motivləri təbiətin gözəlliyini və yenilənməni xatırladır. Motivlərin mənası onların formasından, yerləşməsindən və hansı ənənə daxilində işlədilməsindən asılı olaraq dəyişə bilər.

Kəlağayının kənarlarını bəzəyən haşiyələr də xüsusi diqqət çəkir. Naxışların parça üzərində müəyyən ardıcıllıqla düzülməsi tam kompozisiya yaradır. Məhz bu kompozisiya kəlağayını adi ipək örtükdən fərqləndirən sənət xüsusiyyətlərindən biridir. Ən çox diqqət çəkən ornamentlərdən biri isə butadır. Kəlağayı sənətində əsas naxış elementlərindən sayılan bu motiv çox vaxt əbədi həyat rəmzi kimi izah olunur. Bəzi mənbələrdə buta od, həyat və əbədiyyətlə də əlaqələndirilir. Onun forması alovun dilini xatırlatdığı üçün bu bənzətmə xüsusilə diqqət çəkir.

Hər rəngin öz dili...

Kəlağayının simvolikası yalnız ornamentlərlə məhdudlaşmır. Rənglər də ənənəvi geyim mədəniyyətində xüsusi yer tutub. Keçmişdə qırmızı kəlağayı gəlinin toy geyiminin bir hissəsi olub, gənc qadınlar daha açıq və əlvan, yaşlı qadınlar isə çox vaxt tünd rəngli örtüklərə üstünlük veriblər. Bununla yanaşı, rənglərin istifadəsi bölgəyə və mərasimə görə dəyişə bilərdi.

Kəlağayı bəzi ənənələrdə xoş xəbərin, toyun və hörmətin də rəmzi olub. Məsələn, evdə toy olacağını bildirmək üçün darvazaya kəlağayı bağlanır, bəzi hallarda isə yaxşı işə görə hədiyyə verilirdi. Beləliklə, bu ipək örtük gündəlik geyim əşyası olmaqla yanaşı, insanların bir-biri ilə ünsiyyətində də simvolik məna daşıyırdı.

Təsadüfi deyil ki, məhz indi də elçilik, həri məarasimlərində gəlin olacaq xanımlara kələğayı hədiyyə edilir.

Keçmişin dəbdən düşməyən yadigarı

Bu gün geyim dəbi sürətlə dəyişir, yeni trendlər yaranır, köhnə hesab edilən nümunələr isə bəzən yenidən aktuallıq qazanır. Kəlağayı da zamanın sınağından çıxan, müasir geyimlərlə uyğunlaşdırıldıqda belə zərifliyini itirməyən milli dəyərlərimizdəndir.

Onu yalnız bayramlarda, toy mərasimlərində və ya xüsusi günlərdə istifadə etmək məcburiyyətində deyilik. Kəlağayı gündəlik geyimlə də uyğunlaşdırıla, sadə bir obrazı fərqli və yaddaqalan edə bilər. İstər çiyinlərə salınsın, istər baş örtüyü kimi istifadə edilsin, istərsə də geyimə rəng qatan bir aksesuar olsun, bu ipək parça hər zaman özünəməxsus görünüşü ilə seçilir.

Bəlkə də, kəlağayını sandıqlardan çıxarıb gündəlik həyatımıza qaytarmağın vaxtıdır....

Çünki milli dəyərlər yalnız keçmişdən danışanda deyil, bu gün də yaşadıqda öz həqiqi mənasını qoruyur. Kəlağayı isə dəbdən düşən bir örtük deyil, hər dəfə yenidən kəşf edə biləcəyimiz, keçmişimizi gələcəyimizə bağlayan zərif bir yadigardır.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR