Təhsildə yenilik: Müəllimlərin yerdəyişməsi üçün imtahan verməsini doğru hesab etmirəm - Ekspert
Kateqoriya məlum deyil
"Bildiyiniz kimi, 2009-cu ildən Bakı şəhərində, 2001-ci ildən isə bütün Azərbaycan üzrə orta məktəblərə müəllimlərin işə qəbulu vahid, mərkəzləşdirilmiş qaydada həyata keçrilir. Bu illər ərzində 10 mindən çox gənc imtahan yolu ilə obyektiv şəkildə işə qəbul olublar. Lakin bəzi hallarda regionlarda direktor, rayon təhsil şöbələri tərəfindən bu illər ərzində böyük sayda vakant yerlər gizlədilib. Bu da son illər ərzində məlum olub".
Bu sözləri Sfera.az-a Təhsil nazirinin müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı qəbul etdiyi qərarı şərh edərkən təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspertin sözlərinə görə, Təhsil nazirliyi 2014-cü ildə müəllimlərin diaqnostik imtahanlarına başlayandan sonra ciddi sayda müəllimlərin müsabiqədən kənar işə qəbul olduğu, saxta sənədlərdən istifadə edərək, dövlət nümunəli olmayan təhsil sənədlərindən istifadə edərək müəllimliyə qəbul olduğu məlum olub:
"Məhz buna görə də bu il hər il olduğundan dəfələrlə çox sayda vakansiyaya yer çıxarıldı. Əgər hər il 2-3 min vakansiyaya yer çıxarılırdısa, bu il həmən rəqəm 10 mini ötdü. Bu say artımı qeyd etdiyim nüansla əlaqədardır. Müəllimlərin yerdəyişməsi üçün imtahan verməsini doğru hesab etmirəm. Çünki bu muəllimlər onsuzda Tehsil Nazirliyinin tabeçiliyindəki məktəblərdə muəllim işləyirlər. Bunların bir məktəbdən digər məktəbə yerdəyişməsi üçün imtahana cəlb edilməməlidirlər. Məsələn: hərbiçi xidməti ilə əlaqədar bir rayondan digər rayona gedirsə o zaman onun həyat yoldaşı da haqlı olaraq həyat yoldaşının xidmət edəcəyi yeni rayona getməlidir, bunu yenidən imtahana cəlb etmək muəllimlərin vaxt itkisindən başqa bir şey deyil. Və ya başqa məsələ. Əgər əsaslı yeni digər rayonun məktəbində muəllim işləmək istəyirsə bunun obyektiv, subyektiv tərəfləri araşdırılmalı, həmin gətmək istədiyi məktəbdə həmin fənn tədris etmək üçün dərs saatları mövcuddursa düşünmürəm bunu etməlidirlər. Bundan əlavə hesab edirəm ki, müəlimlərin bilikləri ilə yanaşı, onların psixoloji cəhətdən yoxlanılması təşkil olunsun. Çünki dünya təcrübəsində müəllimin bilik və bacarığı ilə yanaşı, onun psixoloji cəhətdən müəllimliyə yararlılığıda ən vacib faktordur. Lakin bizdə bu nüans demək olar ki, nəzərə alınmır".
Qeyd edək ki, Təhsil naziri Mikayıl Cabbarov tərəfindən imzalanan əmrə əsasən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edilib.
Əmrə əsasən, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2017-2018-ci dərs ili üçün tədris planı və tədris planına dair "Qeydlər” təsdiqlənib.
Azad Əliyev
Sfera.az






