“Bu narazılığı aradan qaldırmaq üçün ağsaqqallıq lazımdır”
“Baş nazirin də, nazirlərin də qəbul günləri var, insanlar gedirlər yazılırlar öz sözlərini deyirlər. Sivil şəkildə nədən narazı olduqlarını deyə bilərlər. Bu narazılığı aradan qaldırmaq üçün ağsaqqallıq lazımdır. Amma bunun üçün yer qoymurlar, bunu istəmirlər”
Sfera.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Real TV”yə müsahibəsində bildirib.
Şeyx qeyd edib ki, bu gün bu tələbi qoyan insanlar dindarlarla dövlət arasında münaqişə yaratmaq istəyirlər:
“Bu məsələdə kənar qüvvələrin təsiri var. Bunların məqsədi heç də müsəlmançılıq deyil.
Məktəblərdə çağırış etmək, iğtişaş salmaq, uşaqları tədrisdən saxlamaq günahdır. İnanıram ki, gələcəkdə bu məsələdə Elm və Təhsil Nazirliyi və məktəblərdə pedaqoji cəmiyyət yığışıb bir fikrə gələ bilərlər. Onlar bu şəkildə fikirlərini dövlətə çatdıra bilərlər. Yəni sülhlə bu məsələni həll etmək imkanı var, amma zorla dövlətdən heç nə ala bilməyəcəklər”.
Şeyx məsələ ilə bağlı kənar qüvvələrə çağırış edib:
“Bəzən işimizə müdaxilə edən, dindarlarımızdan istifadə edən dövlətlərə də müraciət edirəm ki, onlar bilsinlər ki, bu dövlətin yanındayıq və qoymarıq ki, bu dövlət tək qalsın. Bizim xalqımız necə ki 44 gün ərzində dəmir yumruq kimi birləşdilər və biz həmişə birləşməyə hazırıq. Ümidli olmasınlar, inanıram ki, onların ümidi ürəklərində qalacaq. Kim nə deyirsə desin, bundan sonra da biz dindarlar öz dövlət rəhbərliyimizi dəstəkləyəcəyik”.






