Məktəbə hücum edənlər üçün cəza ağırlaşacaq? - AÇIQLAMA
Dünən hicabla bağlı etirazlar zamanı bir qrup şəxsin məktəblərə daxil olmağa cəhd etməsi, təhsil müəssisələrinə zərər vurulması və ictimai qaydanın pozulması ilə bağlı hadisələr gündəmə gəlib. DİN-in məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanıb və 37 nəfər həbs edilib. Hadisələr zamanı azyaşlıların və məktəblilərin də iştirak etməsi məsuliyyət məsələsini daha da aktuallaşdırır.
Məktəblərə hücum edən, təhsil müəssisələrinin fəaliyyətinə mane olan və ictimai asayişi pozan şəxsləri hansı hüquqi məsuliyyət gözləyir?
Sfera.az xəbər verir ki, hüquqşünas Mehman Muradlı məsələ ilə bağlı açıqlamasında hadisələrin hüquqi tövsifinə və yetkinlik yaşına çatmayanların məsuliyyəti məsələsinə münasibət bildirib.
Hüquqşünasın sözlərinə görə, Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə məsuliyyət məsələsində şəxsin yaşı xüsusi əhəmiyyət daşıyır:
“Hadisələr bu maddə ilə qiymətləndirildiyi halda, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə cəlb olunması məsələsinə qanunvericiliyin tələbləri çərçivəsində yanaşılmalıdır. Uşaqların vurduğu zərər müəyyən hallarda valideynlərindən mülki icraat qaydasında tələb oluna bilər. Bununla belə, ziyanın ödənilməsi ilə cinayət məsuliyyəti fərqli hüquqi məsələlərdir”.
Hüquqşünas baş verən hadisələrin daha ağır cinayət tərkibi baxımından qiymətləndirilməsinin mümkünlüyünü də istisna etməyib. Onun sözlərinə görə, bəzi ərazilərdə avtomobilin yandırılması, məktəblərin qapılarının sındırılaraq binaya zorla daxil olunması, eləcə də təhsil müəssisələrinin texniki işçilərinə və əməkdaşlarına qarşı zor tətbiq edilməsi diqqətə alınmalıdır.

“Ən azından bir hüquqşünas kimi hesab edirəm ki, burada kütləvi iğtişaş var idi”, - deyə Mehman Muradlı bildirib.
O qeyd edib ki, prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanılsa da, istintaq zamanı əməllərin başqa maddələrlə tövsif edilməsi məsələsi də nəzərdən keçirilə bilər.
Qeyd edək ki, hadisələrin kütləvi iğtişaş və ya başqa cinayət kimi qiymətləndirilməsi istintaq zamanı müəyyən edilən faktlardan və əməllərin hüquqi əlamətlərindən asılıdır. Yetkinlik yaşına çatmayanların məsuliyyəti də onların yaşına və konkret əməlin qanunvericilikdə necə tövsif olunmasına uyğun müəyyənləşdirilməlidir.
Məsələ ilə bağlı vəkil Babək Həmidov da saytımıza açıqlamasında vahid məktəbli formasının tətbiqinə münasibət bildirib.
Vəkilin sözlərinə görə, Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarı dünyəvi dövlətçilik prinsiplərinə uyğundur. O hesab edir ki, bu qərardan sui-istifadə etməyə və azyaşlıları dini zəmində radikallaşdırmağa yönələn cəhdlərə yol verilməməlidir.
Babək Həmidov bildirib ki, Azərbaycan hüquqi dövlət olaraq fəaliyyətini qanunvericilik çərçivəsində qurur və məktəbli formasının tətbiqi də bu çərçivədə qiymətləndirilməlidir:

“Təhsil müəssisələrində bütün şagirdlərin bərabərhüquqlu şəraitdə olması, onların bir-biri ilə sərbəst münasibət qurması və ayrı-seçkiliyə yol verilməməsi vacibdir. Vahid məktəbli formasından istifadə ilə bağlı vəziyyətdən süni ajiotaj yaratmaq və radikal hərəkətlərə zəmin hazırlamaq üçün istifadə olunmamalıdır. Azərbaycan cəmiyyətində dini və mənəvi ənənələr tarixən mövcud olub və bu gün də qorunur. Bununla belə, həmin dəyərlərdən dövlətə qarşı sui-istifadə cəhdlərinə yol verilməməlidir.
Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında bərabərliyin təmin olunmasına və təhsil mühitində ayrı-seçkiliyin qarşısının alınmasına xidmət edir. Təhsil sistemində bu qaydanın tətbiqinin uğurla başa çatdırılması üçün dövlət müvafiq tədbirləri davam etdirəcək”.
Qeyd edək ki, məktəblərdə baş verən hadisələrə hüquqi qiymət verilərkən hər bir şəxsin konkret hərəkəti, əməlin hüquqi tərkibi və qanunvericilikdə nəzərdə tutulan məsuliyyət şərtləri ayrıca araşdırılmalıdır. Yetkinlik yaşına çatmayanların məsuliyyəti isə onların yaşı və törədildiyi ehtimal olunan əməlin xarakteri nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
Firuzə Əliyeva






