Dövlət qulluqçularının maaşında böyük fərq var - Paytaxt və rayon fərqi...

Dövlət qulluqçularının maaşında böyük fərq var - Paytaxt və rayon fərqi...
Kateqoriya məlum deyil
T

Azərbaycanda dövlət qulluqçularının əməkhaqları iqtisadi rayonlar üzrə fərqlənir.

Paytaxtda orta aylıq əməkhaqqı 2539 manat olduğu halda, bəzi iqtisadi rayonlarda bu göstərici 1316 manata qədər enib.

Sfera.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında Dövlət Qulluğu Məcəlləsinin müzakirəsi zamanı danışıb.

Deputatın sözlərinə görə, 2025-ci ildə dövlət qulluqçularının orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 4,5 faiz artaraq 2 059 manata çatıb. Bu məbləğ ölkə üzrə orta aylıq əməkhaqqından 90 faiz çoxdur.

V.Bayramov ayrı-ayrı iqtisadi rayonlarda əməkhaqqının ölkə üzrə orta göstəricidən xeyli aşağı olduğunu bildirib. Onun təqdim etdiyi rəqəmlərə əsasən, dövlət qulluqçularının orta aylıq əməkhaqqı Bakı şəhərində 2539 manat, Naxçıvan Muxtar Respublikasında 1 502 manat, Mil-Muğan iqtisadi rayonunda 1 371 manat, Mərkəzi Aran iqtisadi rayonunda 1 366 manat, Gəncə-Daşkəsən iqtisadi rayonunda 1 349 manat, Şirvan-Salyan iqtisadi rayonunda isə 1 316 manat təşkil edib.

Deputat bu fərqlərin əməkhaqqı siyasətində regional təşviq meyarlarının tətbiqini gündəmə gətirdiyini hesab edir:

“Bir sıra iqtisadi rayonlarımızda dövlət qulluqçularının orta aylıq əməkhaqqı ölkə üzrə göstəricidən 40 faizə yaxın aşağıdır. Bu, əməkhaqqı məbləğlərində regional təşviq meyarlarından istifadəni aktuallaşdırır”.

Deputat dövlət qulluğunda çalışanların sayına və vəzifə təsnifatları üzrə bölgüyə də diqqət çəkib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 27,3 min dövlət qulluqçusu var və onların 31,4 faizini qadınlar təşkil edir. Vəzifə təsnifatları üzrə bölgüyə gəlincə, dövlət qulluqçularının 7,6 faizi inzibati vəzifələrin ali–3-cü təsnifatlarında, 3,9 faizi 4-cü, 12,4 faizi 5-ci, 8,7 faizi 6-cı, 44,2 faizi 7-ci təsnifat üzrə çalışır.

Dövlət qulluqçularının 23,2 faizi isə yardımçı vəzifələrdə işləyir. Deputat vurğulayıb ki, hər 100 dövlət qulluqçusundan təxminən 44-ü 7-ci təsnifat üzrə fəaliyyət göstərir. Onun fikrincə, yeni məcəllə qəbul edildikdən sonra hazırlanacaq qaydalarda vəzifə təsnifatları arasında balansın qorunmasına xüsusi diqqət yetirilməlidir.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR