Vahid forma şagirdə nə qazandırır? - Məktəb mühitinin həlledici rolu

Vahid forma şagirdə nə qazandırır? - Məktəb mühitinin həlledici rolu
Kateqoriya məlum deyil
T

“Məktəbli formasının tətbiqi şagirdlər arasında münasibətlərə, nizam-intizama və təhsilə marağın formalaşmasına müsbət təsir göstərir”.

Bu sözləri politoloq Elşad Mirbəşiroğlu Sfera.az-a açıqlamasında vahid məktəbli forması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, məktəb cəmiyyətin ən vacib institutlarından biridir və vətəndaşın ilkin dünyagörüşü, dövlətinə, millətinə, milli mədəniyyətinə və dəyərlərinə münasibəti məhz məktəb mühitində formalaşır:

“Məktəb mühiti şagirdlərin şəxsiyyət kimi yetişməsində həlledici rol oynayır. Vahid məktəbli forması isə təhsil müəssisələrində nizam-intizamın qorunmasına, şagirdlər arasında münasibətlərin tənzimlənməsinə, onların biliyə münasibətinin və öyrənmək həvəsinin formalaşmasına müsbət təsir göstərir”.

E.Mirbəşiroğlu deyib ki, vahid məktəbli formasının tətbiqi şagirdlərdə şüuraltı səviyyədə kollektiv məsuliyyət hissinin yaranmasına da töhfə verir. Onun sözlərinə görə, vahid məktəbli forması ilə bağlı qərarlardan başqa məqsədlər, xüsusilə ideoloji məqsədlər üçün istifadə edilməməli, bu cür cəhdlərin qarşısı alınmalıdır:

“Burada əsas məqsəd təhsil müəssisələrində kollektiv məsuliyyət hissini gücləndirmək, şagirdlərə daha keyfiyyətli bilik və bacarıqlar aşılamaq, geniş dünyagörüşünə malik Azərbaycan vətəndaşları yetişdirmək olmalıdır”.

Politoloq məktəbli geyimi ətrafında yaranan müzakirələrin siyasi və ideoloji müstəviyə keçirilməsini də şərh edib. Onun fikrincə, təhsillə bağlı məsələlərin mahiyyətindən uzaqlaşdırılaraq siyasi qarşıdurma predmetinə çevrilməsi cəmiyyətdə əlavə fikir ayrılıqlarının yaranmasına səbəb ola bilər:

“Vahid məktəbli forması ilk növbədə təhsil mühitinin təşkili, şagirdlər arasında bərabərlik hissinin gücləndirilməsi və vahid kollektivə mənsubiyyət duyğusunun formalaşdırılması ilə bağlı məsələdir. Bu mövzunun siyasi və ideoloji müstəviyə daşınması zamanı əsas məqsəd unudulmamalıdır. Məktəbli geyimi ətrafında müzakirələr emosional qarşıdurma deyil, təhsilin keyfiyyəti, uşaqların hüquqları və sağlam məktəb mühitinin formalaşdırılması kontekstində aparılmalıdır. Eyni zamanda, şagirdlərin milli-mənəvi dəyərlərə bağlılığı ilə müasir, dünyəvi təhsil prinsipləri arasında süni ziddiyyət yaradılması da düzgün yanaşma deyil”.

Ekspert xarici aktorların dini həssaslıqlardan istifadə etməsi məsələsinə də toxunaraq söyləyib ki, cəmiyyətin dini və mənəvi dəyərləri ilə bağlı həssas mövzular hər zaman diqqətli yanaşma tələb edir:

“Azərbaycan cəmiyyəti üçün dini və milli-mənəvi dəyərlər əhəmiyyətlidir. Lakin bu həssaslıqların hər hansı xarici siyasi maraqların təmin olunması üçün istifadə edilməsi ehtimalına da diqqətlə yanaşılmalıdır. Ayrı-ayrı xarici aktorlar dini amildən ictimai rəyə təsir göstərmək və müəyyən siyasi məqsədləri təşviq etmək üçün istifadə etməyə çalışa bilərlər. İran da daxil olmaqla, xarici dövlətlərin bu istiqamətdəki fəaliyyətləri konkret faktlar və sübutlar əsasında qiymətləndirilməlidir. Hər hansı iddianı yalnız ehtimallar üzərindən ümumiləşdirmək doğru olmaz”.

Politoloqun sözlərinə görə, dini inanclar və milli-mənəvi dəyərlər cəmiyyətin daxili həyatının mühüm tərkib hissəsi olsa da, onların siyasi manipulyasiya vasitəsinə çevrilməsinə yol verilməməlidir:

“Əsas məsələ vətəndaşların dini inanclarına hörmətlə yanaşmaqla yanaşı, ictimai müzakirələrdə sağlam düşüncəni, hüquqi prinsipləri və milli maraqları əsas götürməkdir. Məktəbli forması kimi təhsil məsələləri də xarici təsirlərin və ya siyasi mübarizənin alətinə çevrilməməlidir. Təhsil siyasəti milli qanunvericiliyə, cəmiyyətin maraqlarına və uşaqların mənafeyinə uyğun şəkildə həyata keçirilməlidir”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR