Bu məhsulların satışına qadağa qoyula bilər
İstehlakçıların həyat və sağlamlığı üçün təhlükə yaradan məhsulların istehlak bazarından çıxarılması və məhv edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunub.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentdə çıxışı zamanı bildirib. Deputat qeyd edib ki, qanun layihəsi istehlak bazarında texniki tənzimləmənin gücləndirilməsi və istehlakçı hüquqlarının daha etibarlı qorunması baxımından əhəmiyyətlidir:
“İstehlak bazarından yararsız məhsulların çıxarılması, istehlakçıların müraciətləri, eyni zamanda bazarda aparılan monitorinqlər nəzarət mexanizminin gücləndirilməsini zəruri edir. Rəsmi statistika göstərir ki, 2025-ci ildə 2 588 istehlakçı müraciəti əsasında qüsurlu, yəni yararsız mal və xidmətlər üzrə ümumilikdə 382 915 manat vəsait sahibkarlar tərəfindən istehlakçılara geri qaytarılıb”.
Deputatın sözlərinə görə, mövcud qaydalara əsasən, monitorinqlər zamanı aşkar edilən yararsız və saxlama müddəti ötmüş məhsullar qeydiyyata alınaraq dövlət qurumları tərəfindən dövriyyədən çıxarılır. Bununla belə, istehlak bazarında hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsinə ehtiyac var:
“Təqdim olunmuş qanun layihəsi “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə yeni 15.5-ci maddənin əlavə edilməsini nəzərdə tutur. Dəyişiklik insanların həyatı və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu mallarla bağlı görüləcək tədbirlərin hüquqi əsasını müəyyənləşdirir”.
Vüqar Bayramov əlavə edib ki, yeni maddəyə əsasən, təhlükəli məhsulların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və məhv edilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək:
“Bu tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq reallaşdırılacaq. Qanun layihəsi qəbul olunduqdan sonra həmin qaydaların təsdiqlənməsi və təhlükəli məhsulların istehlak bazarından çıxarılması, məhv edilməsi prosesi üçün hüquqi mexanizmin formalaşdırılması nəzərdə tutulur. Dəyişiklik təhlükəli malların bazarda qalmasının və insanların həyatına, sağlamlığına zərər vurmasının qarşısını almağa xidmət edir”.
Bəsti Rəfizadə
Sfera.az






