"Prezident İlham Əliyevin bu gün imzaladığı fərman çox böyük əhəmiyətə malikdir. Bu fərmanı ilə Mərkəzi Bankın banklar üzərində olan nəzarət səlahiyyəti azaldılıb".

Bunu ANS PRESS-ə Azərbaycan Bank Tədris Mərkəzinin (BTM) rəhbəri, 
Azərbaycan Mərkəzi bankının (AMB) sabiq sədri Cavanşir Abdullayev deyib.

Mərkəz rəhbərinin sözlərinə görə, bu sistem Avropa ölkələrində həmçinin 
Yaponiya kimi dövlətlərdə uzun illərdir tətbiq olunur.

Prezidentdən ciddi dəyişikliyə səbəb olan fərman
Cavanşir Abdullayev - Bank Tədris Mərkəzinin rəhbəri 

"Mərkəzi Bank yalnız pul siyasəti ilə məşğul olmalı, maliyyə nəzarətini isə vahid qurum həyata keçirməlidir. Bu baxımdan Prezident İlham Əliyevin fərmanı ciddi əhəmiyyətə malikdir. Fərmanı təqdirəlayiq hesab edirəm. İnanıram ki, yeni qurumun fəaliyyəti uğurlu və faydalı olacaq", - deyə Cavanşir Abdullayev bildirib.

Prezidentdən ciddi dəyişikliyə səbəb olan fərman

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmanla Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.

Palatanın Direktorlar Şurasının 5 üzvü olacaq.

Palatanın Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə işçi qrupu yaradılır:

İşçi qrupunun rəhbəri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı təyin olunub.

Prezidentdən ciddi dəyişikliyə səbəb olan fərman
Rüfət Aslanlı - Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri

İşçi qrupunun üzvləri isə aşağıdakılardır:

Asim Məmmədov - “Xalq Bank” ASC-nin Müşahidə Şurasının sədri

Cəlal Qasımov - “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri

Faiq Hüseynov - “Unibank” ASC-nin İdarə Heyətinin sədri

Rövşən Cavadov - Azərbaycan Dövlət Neft Fondunun investisiya departamentinin direktoru

Zəka Mirzəyev - Azərbaycan Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri.