Samovarların qiyməti 50 manatdan başlayır: Çay Festivalından REPORTAJ

Samovarların qiyməti 50 manatdan başlayır: Çay Festivalından REPORTAJ
Kateqoriya məlum deyil
T

Çay süfrəsi Azərbaycan evlərinin ən doğma mənzərələrindən biridir. Bir stəkan çay içərkən söhbətlər edilir, qonaqlar qarşılanır, bəzən uzun müddət deyilə bilməyən sözlər də məhz həmin süfrədə dilə gətirilir.

Samovarın asta-asta qaynayan səsi, armudu stəkana süzülən çayın ətri isə bu mənzərənin ayrılmaz hissəsidir. Bu gün həmin ənənə Bakı bulvarında keçirilən Çay Festivalında yaşadılır. Burada çay yalnız içki kimi deyil, xalqımızın məişətini, qonaqpərvərliyini və yaddaşını bir araya gətirən mədəni dəyər kimi təqdim olunur.

Sfera.az olaraq festival ərazisinə üz tutduq. Dəniz mənzərəsi ilə çay mədəniyyətinin bir araya gəldiyi məkanda hər stend ayrı bir hekayə danışır. Bulvarın dəniz mənzərəsi ilə birləşən festival məkanında müxtəlif çay növləri, milli şirniyyatlar, dekorativ əşyalar və ənənəvi çay süfrəsinin atributları nümayiş etdirilir.

Stendlərin hər biri ziyarətçilərə çay mədəniyyətinin fərqli tərəflərini tanımaq imkanı yaradır. Bir tərəfdə bölgələrimizin çayları və şirniyyatları, digər tərəfdə isə müxtəlif ölkələrin çay süfrəsi ənənələri diqqət çəkir.

Festivalın diqqətçəkən elementlərindən biri altı metr hündürlüyündə olan armudu stəkan dekorasiyasıdır. Azərbaycan çay süfrəsinin bu atributu xüsusilə axşam saatlarında festival ərazisinə özünəməxsus estetik görünüş verir.

Dənizkənarı Bulvar İdarəsinin rəhbəri Əfsanə Mehdiyevanın sözlərinə görə, Bakı bulvarının dənizlə qovuşan mənzərəsi çay mədəniyyətinin təqdimatı üçün xüsusi məna daşıyır.

Bu düşüncədən yola çıxılaraq festival ərazisi çay süfrəsinin ruhunu yaşadan, milli ənənələrlə müasir istirahət anlayışını birləşdirən məkana çevrilib. Yaşıllıqların əhatəsində qurulan söhbətgahlar, çay bağı və istirahət guşələri ziyarətçiləri gündəlik həyatın yorğunluğundan uzaqlaşdıraraq səmimi söhbətlərin, xoş anların və çay ətrafında birləşən insanların ab-havasına dəvət edir.

Festivalda Azərbaycanın aparıcı çay istehsalçılarının məhsulları ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurdan gətirilən bitki çayları da təqdim olunur. Milli çaylarımızla yanaşı, Özbəkistanın çay süfrəsi ənənələri və Çin çay mədəniyyəti də ziyarətçilərin tanış ola biləcəyi nümunələr sırasındadır. Yaşıllıqlarla əhatələnən söhbətgahlar və çay bağı festivalın ümumi ab-havasını tamamlayır.

Lakin festivalda diqqət çəkən təkcə çayın müxtəlif növləri deyil. Ənənəvi çay süfrəsinin ayrılmaz hissəsi olan samovarlar da festivala ayrıca rəng qatır. Onların arasında həm gündəlik istifadə üçün nəzərdə tutulan modellər, həm də yaşı və görünüşü ilə seçilən qədim nümunələr var.

20 illik təcrübə, samovarlarla dolu stend

Festival ərazisindəki stendlərdən birində sahibkar Bayram Hüseynov ilə söhbətləşdik. Xalqlar ərazisində işlədiyini və bu sahədə təxminən 20 illik təcrübəyə malik olduğunu deyən Bayram bəy yarmarkaya müxtəlif samovar modelləri ilə qatılıb.

Onun stendindəki samovarlar həm qiymətinə, həm də istehsal dövrünə görə bir-birindən fərqlənir. Söhbət zamanı ilk sualımız ən bahalı samovarın qiyməti ilə bağlı oldu. Bayram bəyin sözlərinə görə, stenddəki ən bahalı samovarların qiyməti 2 000-2 500 manat arasında dəyişir. Samovarların dəyərinə yalnız xarici görünüşü deyil, materialının xüsusiyyətləri, qalınlığı və yaşı da təsir göstərir.

Sahibkar deyir ki, bir və ya iki əsrlik samovarlar da mövcuddur. Belə nümunələrin qiyməti yüksək olduğundan onlara maraq gündəlik istifadə üçün nəzərdə tutulan modellərlə müqayisədə daha azdır.

Bəs alıcılar daha çox hansı samovarlara üstünlük verirlər?

Bayram bəyin sözlərinə görə, ən çox tələb görənlər sovet dövrünə aid samovarlardır. Beş və yeddi litrlik modellərin qiyməti təxminən 230-240 manat arasında dəyişir. Daha münasib qiymətə samovar almaq istəyənlər üçün isə 50-60 manatlıq variantlar da var. O deyir ki, samovar seçimi alıcıların büdcəsindən və onu hansı məqsədlə əldə etməsindən asılıdır. Bəziləri üçün bu əşya gündəlik çay süfrəsinin ayrılmaz hissəsidir, digərləri üçünsə keçmişin izlərini daşıyan, evdə xüsusi yer tutan bir xatirədir.

Sahibkar müştərilərin məhsulların keyfiyyəti ilə bağlı müsbət fikirlər bildirdiklərini deyir:

“Alanlar razı qalırlar. Bəzən kiməsə hədiyyə etmək üçün də samovar seçirlər”.

Samovarların istehsalı ilə bağlı danışan Bayram bəy təqdim etdiyi modellərin zavod istehsalı olduğunu, öz emalatxanasında hazırlanmadığını bildirir. Deyir ki, Azərbaycanda hazırda samovar istehsalı yoxdur, bu məhsullar əsasən Rusiya və Özbəkistandan gətirilir.

Festivalın diqqətçəkən qonaqlarından biri

Çay Festivalında diqqət çəkən simalardan biri də TikTok platformasında dəmir əymə və fiziki güc nümayişləri ilə tanınan Elmin Mehdiyev idi. Onun festival ərazisində görünməsi ətrafdakıların marağına səbəb olurdu. Sosial şəbəkələrdə tanınan bir simanın milli çay mədəniyyətinə həsr olunmuş tədbirdə iştirakı festivalın müxtəlif auditoriyaları bir araya gətirən ab-havasına fərqli çalar qatırdı.

Bəzən bir stəkan çay insanları bir araya gətirmək üçün kifayət edir. Bakı bulvarındakı festival isə həmin stəkanın arxasında bütöv bir mədəniyyətin, tarix və yaddaşın dayandığını bir daha nümayiş etdirir.

Qeyd edək ki, Çay Festivalı oktyabrın 18-dək hər gün saat 12:00-dan 23:00-dək davam edəcək. Tədbirə giriş sərbəstdir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR