Azərbaycan dünyəvi dövlətdir - Bəs, nədir bu üsyan?

Azərbaycan dünyəvi dövlətdir - Bəs, nədir bu üsyan?
Kateqoriya məlum deyil
T

Əsrlərlə qadınlarımız cəhalətdən xilas olmaq, bir fərd kimi var olmaq üçün mübarizə aparıblar.

Əsrlərlə Cəfər Cabbarlı kimi böyük ədiblərimiz “Sevil” timsalında qadınlarımıza mesajlar verib, çağırışlar ediblər ki, azad olsunlar, kölə, əsir kimi yaşamasınlar, öz haqlarını tələb etsinlər. “Sevil”in çadrasını atması qadının zülmətə, savadsızlığa qarşı üsyanı və öz mənliyini tapması idi.

Şərqdə ilk dəfə qadınlara seçki hüququ verən ölkə olmağımız da təsadüfi deyil. Bu, xalqımızın azadlığa və qadın ləyaqətinə verdiyi dəyərin tarixi sübutudur.


İndi o azadlıq sizə, bizə verilib, bəs nədir bu üsyan?

Bu gün gəldiyimiz nöqtədə bəzi məsələlərə yenidən baxmaq lazımdır. Xüsusən də uşaqlar barəsində. Düşünürəm ki, 18 yaşına qədər uşaqların başının bağlanması doğru deyil. Uşaq hələ öz dünyagörüşünü, seçimini formalaşdırmayıb. 18 yaşından sonra isə hər kəs azaddır. Kim istəyər başını bağlayar, kim istəyər açar, bu artıq onun şəxsi həyatıdır və heç kəs buna müdaxilə edə bilməz.


Müəllimlərə və təhsil sisteminə gəldikdə isə, unutmamalıyıq ki, Azərbaycan dünyəvi dövlətdir. Konstitusiyamızda da aydın şəkildə dinlə dövlət bir-birindən ayrı olduğu yazılıb. Məktəb elm, bilik ocağıdır. Müəllim şagirdə elmin işığını verməli, dünyəvi dəyərləri aşılamalıdır. Dini inanclar hər kəsin qəlbində və evində qalmalıdır, təhsil mühitinə daşınmamalıdır.


Azərbaycan qadınlarının azadlığı üçün böyük yollardan keçmiş bir dövlətdir. İndi də əsas məqsədimiz savadlı, öz ayaqları üzərində durmağı bacaran və seçim etmək yaşına çatanda öz yolunu özü müəyyən edən nəsillər yetişdirmək olmalıdır.

Bəsti Rəfizadə

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR