Zahid Oruc: “Azərbaycan İslam dövləti deyil, müsəlman ölkəsidir”
İranın din amilindən istifadə edərək Azərbaycanda ictimai narazılıq yaratmaq cəhdləri yenidən müzakirə mövzusuna çevrilib.
Xüsusilə məktəbli forması ilə bağlı qərarların dini müstəvidə təqdim edilməsi və hicab məsələsinin siyasi mübarizə alətinə çevrilməsi diqqət çəkir. Bəzi xarici media platformalarında bu məsələnin İslama qarşı münasibət kimi təqdim olunması isə müzakirələrin daha da genişlənməsinə səbəb olur.
Bəs İranın bu istiqamətdə mümkün təsir cəhdlərinin qarşısını almaq üçün Azərbaycan hansı addımları atmalıdır? Rəsmi Bakı Tehrana münasibətdə hansı mövqeni ortaya qoymalıdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Azərbaycan öz dünyəvi dövlətçilik modelini qorumaqla yanaşı, milli-mənəvi dəyərlərinə və İslam sivilizasiyasına bağlılığını da saxlayır.

Onun sözlərinə görə, məktəbli forması ilə bağlı qərarları hicab qadağası və ya İslama qarşı mübarizə kimi təqdim etmək cəhdləri ölkənin dövlətçilik prinsiplərini hədəfə almağa xidmət edir:
“Azərbaycan müstəqillik qazandıqdan sonra dünyəvi dövlət modelini seçdi. Ölkəmiz öz tarixinə, milli-mənəvi dəyərlərinə, İslam sivilizasiyasının bir parçası olmasına baxmayaraq, Konstitusiyasında dövlət quruluşu kimi respublika modelini müəyyənləşdirdi. Hər hansı xilafət və ya ali dini şura təsisatı yaradılmadı. Bu, çox mühüm qərar idi. Çünki həmin dövrdə ölkəmizə qarşı həm hərbi işğal cəhdləri, həm də ideoloji təzyiqlər mövcud idi. Ulu Öndər Heydər Əliyev dini ibadət yerlərinin bərpasına və açılışına xüsusi diqqət yetirsə də, dövlətimizin dünyəvi quruluşunu hər zaman qoruyub saxladı. Bizim türklüyümüz, müasir dünya ənənələrinə qovuşmağımız və İslam sivilizasiyasına bağlılığımız bir-birini inkar etmir. Bunların heç biri digərini üstələməli, örtməli və ya silməlidir. Azərbaycan bu dəyərlərin hamısını özündə birləşdirən dövlətdir”.
Deputatın sözlərinə görə, məktəblər, institutlar və universitetlər yalnız təhsil müəssisələri deyil, həm də millət və dövlət quruculuğunun mühüm institusional bazasıdır.
O, İranın uzun illər ərzində Azərbaycanda dini amildən istifadə etməklə öz idarəçilik modelini yaymağa çalışdığını qeyd edib:
“Ötən illər ərzində İran tərəfindən Azərbaycana qarşı sistemli və uzunmüddətli fəaliyyətlər həyata keçirilib. Müxtəlif dini təhsil mərkəzləri vasitəsilə azərbaycanlıların Qum şəhərinə aparılması və uzun müddət ideoloji təsirə məruz qalması da bu kontekstdə qiymətləndirilməlidir. Məqsəd öz dövlət sistemini və idarəçilik modelini Azərbaycana ötürmək olub. 1979-cu il İslam inqilabından sonra İranda formalaşan idarəçilik sistemi ilə Azərbaycanın dövlətçilik modeli tamamilə fərqlidir. İranın öz siyasi və dini quruluşunu seçməsi onun daxili işidir. Lakin həmin modelin Azərbaycana ötürülməsinə və ölkəmizin daxili proseslərinə müdaxilə edilməsinə yol verilməməlidir. Azərbaycan dövləti vahid məktəbli forması ideyasını irəli sürərkən bir tərəfdən sosial mühitdə bərabərliyi təmin etməyə çalışır. Bu siyasət qətiyyən hicab qadağası və ya İslam düşmənçiliyi kimi qiymətləndirilə bilməz. Təhsil məsələsini dini qarşıdurmaya çevirmək və azyaşlı uşaqların əqidə və dini mövqelərindən siyasi məqsədlərlə istifadə etmək cəhdləri var”.
Z.Oruc bəzi xarici media platformalarında məktəbli geyimi ilə bağlı dəyişikliklərin “İslama hücum”, “şiələrin sıxışdırılması” və digər siyasi-dini tezislərlə təqdim olunduğunu vurğulayıb və bildirib ki, bu cür paylaşımlar vasitəsilə məsələ təhsil çərçivəsindən çıxarılaraq ictimai-siyasi qarşıdurma mövzusuna çevrilir:
“İranın farsdilli və Qafqaza yönəlmiş bir sıra media platformaları Azərbaycanda orta məktəblərdəki geyim islahatını “İslama hücum”, “şiələrin sıxışdırılması”, “sionist plan” kimi təqdim edirlər. “Tasnim”, Azərbaycan Tədqiqatları Mərkəzi, “Azariha”, “Ziya Əs-Salihin” və digər dini media platformalarında müxtəlif paylaşımlar vasitəsilə bu kampaniyanın aparıldığını görürük. İmam Hüseyn məktəbi, şəhadət ideyası və tarixi mübarizə nümunələri ilə məktəbli geyimi məsələsi arasında əlaqə yaratmağa çalışırlar. Ən dəhşətlisi və ən ağırı odur ki, işğal dövründə torpaqlarımızdakı məscidlər tapdaq altında olduğu zaman hicab mövzusunu yada salmayan həmin dairələr öz ölkələrində Məhsa Əmini kimi hicabın məcburi geyim qaydasına çevrilməsinə qarşı çıxan şəxslərin və etirazçıların qətlə yetirildiyi bir şəraitdə Azərbaycanda müəllimlərin və qız uşaqlarının hüquqları uğrunda güya mübarizə aparırlar. 44 günlük Vətən müharibəsində döyüşən oğullarımızın və onların analarının hicab taxması amilindən də istifadə olunur. Bununla bizim üçün müqəddəs olan Zəfər savaşı ilə məktəbli geyimi məsələsi arasında mənəvi əlaqə yaratmağa çalışırlar. Məqsəd cəmiyyətin həssas dini duyğularından istifadə edərək dövlətin ideoloji əsaslarına zərbə vurmaqdır. Azərbaycan dövləti hicabla və İslamla savaşmır. Tam əksinə, müsəlman aləminin birliyinin təmin olunmasında Azərbaycan və onun lideri mühüm rol oynayır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında cəmiyyəti ideoloji təhdidlərə qarşı səfərbərliyə çağırması da təsadüfi deyildi. Rusiya-Ukrayna müharibəsi, İran ətrafında baş verən proseslər və regiondakı geosiyasi qarşıdurmalar fonunda bu gərginliyi ölkəmizin daxilinə daşımağa çalışan qüvvələr var. Bununla yanaşı, təhsil sistemində bu cür qərarlar həyata keçirilməzdən əvvəl media institutları, məktəb kollektivləri, pedaqoji şuralar və valideynlər arasında izahat işləri daha geniş aparılmalı idi. Cəmiyyətdə düzgün məlumatlandırmanın təmin edilməsi vacibdir. Çünki boşluqlar yarandıqda müxtəlif dairələr həmin məsələlərdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Azərbaycan elə bir coğrafiyada yerləşir ki, onun idarəetmə sistemini və dövlətçilik modelini dəyişdirməyə cəhdlər bundan sonra da olacaq. Lakin biz müsəlman ölkəsiyik, İslam dövləti deyilik. Azərbaycan öz dünyəviliyini bir sərvət kimi həmişə qoruyacaq. Burada yaşayan bütün xalqlar üçün vahid Vətən, bütün xalqlar və dinlər üçün vahid dövlət var. Bunu qətiyyən unutmaq olmaz”.
Bəsti Rəfizadə






