Azərbaycanda ölümlərin əksəriyyəti bu səbəbdən olur - RƏSMİ

Azərbaycanda ölümlərin əksəriyyəti bu səbəbdən olur - RƏSMİ
Kateqoriya məlum deyil
T

Dünyada ümumi ölümlərin 74%-i (hər dörd ölümdən üçü) qeyri-yoluxucu xəstəliklərin payına düşür. Azərbaycanda da bu tendensiya müşahidə olunur və xüsusilə ürək-damar xəstəlikləri, kəskin damar katastrofları, xroniki obstruktiv ağciyər xəstəlikləri, eləcə də şəkərli diabet və onunla bağlı fəsadlar əsas sağlamlıq problemləri sırasındadır.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev şənbə günü Dünya Ağciyər Sağlamlığı Gününə həsr olunmuş Beynəlxalq Elmi Praktiki Konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, son illərin demoqrafik və tibbi mənzərəsinə nəzər salındıqda, səhiyyə sistemində yoluxucu xəstəliklərdən qeyri-yoluxucu xəstəliklərə doğru kəskin keçid müşahidə olunur.

“Qlobal miqyasda orta ömür uzunluğu son illərdə 73 ilə, Azərbaycanda isə 2005-ci ilin sonuna 77 ilə çatıb. Lakin qazanılan əlavə ömür illərinin sağlam yaşanılması və bu dövrdə xüsusilə qeyri-yoluxucu xəstəliklərin payının artması ciddi çağırışlar doğurur.

Bu sahədə mövcud problemlərin həlli və əhali arasında sağlam həyat tərzinin təşviqi məqsədilə ölkəmizdə mühüm addımlar atılır. Həmçinin son illərdə həkimlərin və orta tibb heyətinin peşəkar hazırlığının artırılması, tibbi təhsilin təkmilləşdirilməsi istiqamətində görülən işlər də bu sahədə keyfiyyətin yüksəldilməsinə xidmət edir”,- deyə o əlavə edib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi və Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, Özbəkistan və Ukraynadan olan qonaqlar, eləcə də yerli və xarici alimlər, pulmonoloqlar, torakal cərrahlar,ftiziatrlar, digər klinik ixtisaslar üzrə həkimlər və laboratoriya mütəxəssislər iştirak edir.

Konfransın əsas məqsədi pulmonologiya və ftiziatriya sahəsində müasir elmi və klinik yanaşmaları müzakirə etmək, yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsini gücləndirməkdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR