Bakıda binanı işıqsız qoyan qohumlara cinayət işi AÇILDI: biri həbs olundu

Bakıda binanı işıqsız qoyan qohumlara cinayət işi AÇILDI: biri həbs olundu
Kateqoriya məlum deyil
T

Bakıda oğurluq edərək, binanı işıqsız qoyanlara cinayət işi açılıb.

Sfera.az-ın xəbərinə görə, hadisə Yasamal rayonu, Tbilisi prospektində yerləşən binalardan birində baş verib.

31 yaşlı Rəşad Bağırov (şərti adla) və 35 yaşlı Fuad Rüstəmov (şərti adla) həmin binaya gələrək, elektrik lövhəsini qanunsuz açıblar. Onlar əvvəlcə 3-cü, bir neçə gün sonra isə 1 və 2-ci blokların elektrik naqillərini kəsiblər. Nəticədə sakinlər işıqların sönməsi ilə bağlı yaşayış kompleksinin direktoruna şikayət ediblər. Görülən müvəqqəti tədbirlər nəticəsində işıqlar bərpa olunub.

Yaşayış kompleksinin direktorunun sözlərinə görə, əvvəlcə işıqların niyə söndüyünün səbəbini bilməyiblər. Sonradan hər 3 blokda elektrik naqillərinin kəsilib oğurlandığını müəyyən ediblər. Onlar müşahidə kameralarına baxarkən 2 naməlum şəxsin binaya daxil olduğunu görüblər. Bundan sonra polisə şikayət olunub.

Direktor həmçinin onlara dəyən ziyanın ödənildiyini deyərək, şikayətçi olmadığını bildirib.

Şikayət əsasında Rəşad və Fuad saxlanılaraq, barələrində cinayət işi açılıb.

Fuadın sözlərinə görə, qohumu olan Rəşadın həmin binadan oğurluq etmək təklifi ilə razılaşıblar. Onlar oğurladıqları misləri Böyükşor qəsəbəsindəki metal qəbulu məntəqəsinə ümumilikdə 200 manata satıblar. Oğurluq nəticəsində yaşayış kompleksinə dəyən zərər isə 3000 manat olub.

Hər iki təqsirləndirilən şəxs ifadəsində peşman olduqlarını, qarşı tərəfin onlara qarşı şikayət və tələbinin olmadığını deyərək, barələrində yüngül cəza verilməsini istəyiblər.

Məhkəmənin qərarı ilə Rəşad Bağırov 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə, Fuad Rüstəmov isə 2 il 5 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunublar./lent.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR