Axundlara olar, məktəblilərə olmaz...

Axundlara olar, məktəblilərə olmaz...
Kateqoriya məlum deyil
T

Məsələ hicab deyil, məktəbdə vahid formadır


Bir neçə il əvvəl, sizin də yaxşı yadınızda olar, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ölkədə fəaliyyət göstərən din xadimləri üçün vahid geyim forması tətbiq olunması ilə bağlı qərar qəbul olundu. Hətta formaların təqdimatı da olundu, xalq da, elə möhtərəm din xadimləri, el arasında deyildiyi kimi mollalar da gördü ki, bundan sonra yaslara gedərkən və ya dini ayinlərlə məşğul olarkən konkret hansı geyimdə olmalıdrlar. Yox, indi mən deməyəcəm ki, bu kiminsə hüquqlarını pozmaq idi və ya başqa dindən olanlara qarşı ayrıseçkilik filan idi. Amma əsasən də regionlarda, kənd yerlərində xeyli problem yaradırdı. Deyim necə.

Biz tərəfin mollaları, şəhərdəkilər kimi halallıq sertifikatı filan verib, reklama çəkilib pul qazanmırlar. Kənd mollası ya yas idarə edib cüzi məbləğ alır, ya da uzağı qorxu duası yazıb 1-2 manat pul qazanır. Bu da ayda ildə bir ola, ya olmaya. Yəni, mollaların da bütün kənd camaatı kimi əsas dolanaşacağı təsərrüfatdan. Elə ki, kiminsə ölüsü öldü, mollanı axtarıb tapırdın ki, ya bağ suvarır, ya da əkin əkir. Dərhal da maşın göndərirdin, gedib mollanı elə həmin o kəndçi-fəhlə libasında götürüb birbaşa gətirirdi ölü evinə. Gəlib duasını oxuyub, ölüsünü götürürdü. İndi gərək bundan sonra molla gedərdi evə, formasını geyib gələrdi. Forma da elə şey deyil, ikisin-üçün alasan. Bir dəst ancaq olar. O da ya yuyulub asılmış olur, ya ütüsüz olur, ya da lap elə arvad kişidən incik olan vaxta düşür deyə, ümumiyətlə tapılmır. Gəl indi kənd yerində, müvafiq tibbi müdaxilələr edilmək imkanı olamayan rəhmətliyi saatlarla gözlət. Bunun Allah eləməsin, şişməyi var, gün qaralıb axşama qalmağı var ki, axşam vaxtı kənddə dəfn prosesi mümkünsüzdür. Hələ evdə ağlaşıb üzünü cıran, özündən gedən qadın yaxınları demirəm. Belə baxanda “din xadimlərinin vahid forması” elə əməllicə xeyli adamın hüququnu pozurdu...

Di gəl, bircə adam ağzını açıb bircə dəfə etiraz elədimi? Birimiz dedikmi ki, “Yox e, belə olmaz. Bu dirilər bir yana, ölünün “dərhal dəfn olunma” hüququnu pozur...” Yox, demədik, heç ağlımazdan da keçmədi. Düşündük ki, necə ki, DİN, yəni daxili işlər nazirliyinin əməkdaşları vahid formada gəzir, hamı da bilir ki, bu adamlar DİN əməkdaşıdır, eləcə də din adamları, yəni islam dininə qulluq edənlər vahid geyimlə kim olduqlarını bildirməli və geydikləri uniformanın da haqqını verməlidirlər.

SSRİ dağılıb, qonşu ölkələrə gediş gəliş açılanda bizim qadınlar az qala bir əsr idi ki, çadra ilə vidalaşmışdılar. Ucqar kəndlərdəki nənələrdə görərdin çadranı, o da ki, ta qara yox e, rəngbərən. Çox vaxtı da başlarında yox qoltuqlarında olardı. Ortayaşlı və gənc nəsil baş örtüyünü qış aylarında, soyuqdan qorunmaqçün örtərdi. Di gəl, əgər kimsə qonşu İran ərazisinə keçmək istəyirsə, bilirdi ki, mütləq qara rəngli baş örtüsü, hətta çadrası olmalıdır. Bu barədə Araz çayı üzərindəki sərhəd körpüsünün düz ortasına böyük bir plakat da vurmuşdu İran dövləti. Yəni deyirdi ki, mənim ərazimə gəlirsənsə, burada qadınlar üçün vahid geyim forması var, buna uymalısan. Etiraz etdik mi? Edə bilərdikmi? Hər şey bir yana, axı bu dövlətin adı İran İslam Respublikası idi. İslam dövlətidir, öz qanunu var, vəssalam.

Yaxşı, gəlin baxış bucağımızı bir az dəyişək. Daha doğrusu, düz bucaqdan baxaq. Söhbət məktəblərdən getmirmi? Kənarları divarlarla əhatələnmiş, giriş qapısı olan, bir növü qapalı sayılan bir müəssisədən getmirmi söhbət? Ən azı 10-11 il hər gün qapısından girdiyiniz məktəbin elə həmin o alaqapıdakı lövhəsində “Azərbaycan Respublikası Təhsil Nazirliyi” sözlərini xatırlayın. Xatırladınızmı? Bu o demək deyilmi ki, məktəb dövlət müəssisəsidir? Dövlət öz müəssisəsindəki çalışanların və təhsil alanların, hansı ki, elə məhz bu dövlətin qərarı ilə, bizdə orta təhsil məcburi və ödənişsizdir, geyimləri haqqında qərar verə bilməzmi? Həm də bu bizim müstəqillikdən bu yana hamımızın istəyi, bəzən də tələbi deyilmi? “Məktəblərdə vahid forma olmalıdır, varlı balası ilə kasıb balası seçilməməlidir!” deyib, illərdir üsyan edən biz deyilikmi? Buyurun, vahid forma haqda dövlət qərar verib. Əməl eləmək lazımdır.

Bir zamanlar qızların və oğlanların eyni sinifdə oxumasına etiraz edənlər də vardı. Deyirdilər ki, qızlar ayrı siniflərdə, hətta ayrı məktəblərdə oxumalıdırlar. Ümumiyyətlə məktəb yaşda olan uşağı niyə qıza və oğlana bölürük, niyə o gül balaların çiyninə yaşından xeyli əvvəl “qadınlıq” yükünü qoyuruq? Müəllim üçün sinfindəki şagirdin qız və ya oğlan olmasının fərqi olmamalıdır axı. Dərs prosesinə, maariflənməyə, bir sözlə “oxuyub adam olmağa” qız və ya oğlan olmağın fərqi nədədir?

İndi polis durub desin ki, mənim sərbəst geyim azadlığım var, işə şortiklə gəlməliyəm? Hakimlər və vəkillər məhkəməyə “uzundu, ayağıma dolaşır, yıxılıb biyabır oluram” bəhanəsi ilə mantiyasız çıxsınlar. Məsələn, vəkilin biri qırmızı qolsuz köynəkdə, hakim də sarı jiletdə çıxsın. Təsəvvür edə bilirsiz? Ya da vahid məkdəbli formasına başörtüsü əlavə edək, deyək ki, qara rəngli çadra olmasa dərsə buraxılmayacaq şagird. Bunu da təsəvvür edin, bir zəhmət. Bəlkə oğurluq edənin də əlini kəsək? Ya da, şallaq cəzası olsun. Hətta məktəblərdə falaqqanı da bərpa edə bilərik, qoy tam olsun...

Bizə “bu qərar dinə qarşı atılmış addımdır” söhbətləri ilə gəlməyin. Bu ölkədə təyin olunmuş din xadimlərinə (axund və imamlara) Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdindəki Mənəvi Dəyərlərin Təbliğ Fondu vasitəsilə aylıq maaş (maddi dəstək) ödənilir. Bu ölkənin ali dini rəhbəri sayılan, Qafqaz Müsəlmanları İdarəsinin sədrinə dövlət tərəfindən təyyarə ayrılıb, hörmətli şeyx illərdir ki, digər ölkələrə öz təyyarəsi ilə uçur.

Bu dövlət, öz dini bir tərəfə, bütün dinlərə qarşı ən tolerant dövlət sayıla bilər. Bununçün bircə fakt kifayətdir: 30 il müharibə şəraitində olduğumuz, torpaqlarımızın 20 fazini işğal edib darmadağın edən, məscidlərimizdə donuz saxlayan bir xalqın, ermənilərin paytaxtın ən mərkəzində yerləşən kilsəsinə, nəyinki kilsəyə, kilsənin içindəkilərə belə toxunulmadı.

Sözüm odur ki, hicab və vahid məktəbli forması bir-birini təkzib etmir. Məktəbin qapısından içəri girən hamı şagird və müəllimdir. Girin, dərsinizi deyin, dərsinzi oxuyun, elə ki, çıxdınız, buyurun, hərə öz yoluna. Hicabını geyən geysin, soyunmaq istəyən də soyunsun. Amma ki, ta ağ eləməyin də. Nə geyinəndə ağ eləməyin, nə də soyunanda. Nə də etiraz edəndə! \\bakupost

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR