Kirayə mənzil qiymətləri daha da artacaq? - Bahalaşmanın SƏBƏBİ

Kirayə mənzil qiymətləri daha da artacaq? - Bahalaşmanın SƏBƏBİ
Kateqoriya məlum deyil
T

Hazırda Bakıda və digər böyük şəhərlərdə münasib qiymətə mənzil tapmaq getdikcə çətinləşir. Daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsi, ucuz mənzil təklifinin azalması və kirayə evlərə tələbatın artması mənzil bazarındakı vəziyyəti yenidən gündəmə gətirir.

Xüsusilə paytaxtda təhsil almaq və işləmək istəyənlər, eləcə də regionlardan Bakıya köçən vətəndaşlar üçün kirayə mənzil tapmaq ciddi xərcə çevrilir. Digər tərəfdən, mənzillərin satış qiymətlərinin artması da ev almaq imkanlarını məhdudlaşdıraraq kirayə bazarına tələbi artıra bilər.


Bəs kirayə mənzillərin qiymətləri satış qiymətləri ilə müqayisədə daha sürətlə artır? Bazarda ucuz mənzil təklifinin azalması və tələbin yüksək qalması qiymətlərə necə təsir göstərir? Qarşıdakı dövrdə kirayə mənzillərin daha da bahalaşması gözlənilirmi?


Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Sfera.az-a açıqlamasında bildirib ki, kirayə bazarında qiymət artımının satış bazarındakından daha yüksək olduğunu düşünmür. Onun sözlərinə görə, hər iki bazarda qiymət dinamikası bir-biri ilə sıx bağlıdır və son beş ildə mənzillərin satış qiymətləri daha sürətlə artıb:


“Kirayə qiymətləri investisiya və biznes baxımından hazırda kifayət qədər aşağı səviyyədədir. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda kirayə qiymətləri nisbətən aşağıdır, satış və kirayə qiymətləri arasındakı nisbət də fərqlənir. Ucuz mənzil təklifinin azalması və tikinti bazarında baş verən dəyişikliklərlə yanaşı, kirayə mənzillərin investisiya vasitəsi kimi populyarlaşması da qiymətlərə təsir edir.


Hazırda ayrı-ayrı sahibkarlar və vətəndaşlar topladıqları kapitalı investisiya məqsədilə mənzillərə yönəldirlər. Mənzilləri alaraq kirayə bazarına çıxarırlar. Bu sahədə fəaliyyətin genişlənməsi investisiyanın geri dönüşü baxımından məqsədəuyğun hesab olunur. Nəticədə kirayə mənzillərə maraq artır və bu da qiymətlərə təsir göstərir”.


Cəmiyyət sədri qiymət artımına təsir edən digər amillərdən birinin də köhnə və qəzalı binaların sökülməsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Baş Plan 2040 çərçivəsində istismar müddəti başa çatmış və qəzalı binaların sökülməsi, həmin ərazilərdə yeni binaların inşası ilə əlaqədar sakinlərin müvəqqəti olaraq kirayə mənzillərə üz tutması tələbi artırır. Belə hallarda vətəndaşların kirayə xərclərinin kompensasiya edilməsi də mənzil bazarına əlavə tələb yaradan amillərdəndir.


V.Oruc hesab edir ki, kirayə mənzil bazarında təklifin məhdud olması qiymət artımını sürətləndirir. Onun fikrincə, qarşıdakı dövrdə də bu tendensiya davam edə bilər:


“Kirayə bazarında tələbin artması təkcə mövsümi amillərlə bağlı deyil. Tədris ilinin başlanması ilə əlaqədar Bakıya gələn tələbələr və ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər kirayə mənzillərə tələbi artırsa da, bu amilin təsiri mövsümi xarakter daşıyır. Bununla yanaşı, regionlardan iş və yaşayış məqsədilə paytaxta üz tutan vətəndaşların sayı da kirayə bazarına təsir göstərir. Sosial yataqxanaların sayının artırılmaması, mövcud yataqxanaların bərpa edilməməsi və təhsil müəssisələrinin əsasən şəhər mərkəzində və ona yaxın ərazilərdə yerləşməsi kirayə mənzillərə tələbi yüksək saxlayır”.


Onun fikrincə, bu problemlər həllini tapmayana qədər kirayə bazarında qiymətlərə təzyiq davam edəcək və mənzillərin kirayə qiymətlərində artım gözləniləndir.


Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR