Sürət həddi endirilsə, tıxaclar azalacaq? - Ekspert RƏYİ
Hazırda Bakı daxilində əksər yollarda icazə verilən maksimum hərəkət sürəti 60 km/saatdır. İddialara görə, əgər icazə verilən hərəkət sürəti azaldılarsa Bakıda tıxac problemi müəyyən qədər zəifləyər.
Bəs sürət həddinin aşağı salınması tıxacların müddətini azaltmağa kömək edə bilərmi?
Nəqliyyat eksperti Adil Nəbiyev Sfera.az-a açıqlamasında bildirib ki, Bakıda tıxac problemini yalnız sürət həddini azaltmaqla həll etmək mümkün deyil.
Onun sözlərinə görə, müəyyən küçə və prospektlərdə sürətin düzgün tənzimlənməsi, nəqliyyat axınının sabitləşdirilməsi və işıqforların koordinasiyalı idarə olunması hərəkətin intensivliyini yaxşılaşdıra bilər.
Ekspert deyib ki, nəqliyyat mühəndisliyində əsas göstəricilərdən biri yolun buralış qabiliyyətidir:
"Yəni müəyyən müddət ərzində yolun konkret hissəsindən neçə avtomobilin təhlükəsiz və fasiləsiz keçə bilməsi nəzərə alınır. Yüksək sürət zamanı təhlükəsizlik məsafəsinin artması, qəfil əyləcləmə və sürətlənmə halları nəqliyyat axınında zəncirvari ləngimələrə səbəb ola bilər. Sürət həddinin müəyyən qədər azaldılması və avtomobillərin sabit sürətlə hərəkəti belə halların qarşısını qismən ala bilər. Lakin bu, bütün yollarda sürətin azaldılmasının tıxacları avtomatik olaraq aradan qaldıracağı anlamına gəlmir. Bakının mərkəzi küçələrində avtomobillərin faktiki orta hərəkət sürəti çox vaxt icazə verilən maksimum sürətdən xeyli aşağı olur. İşıqforlarda gözləmə, yolayrıclarında dayanma və nəqliyyat sıxlığı səbəbindən sürücülər fasiləsiz hərəkət edə bilmirlər. Belə şəraitdə sürət həddinin 60 km/saatdan 50 km/saata endirilməsi yalnız düzgün işıqfor rejimi və yolayrıclarının səmərəli idarə olunması ilə birlikdə nəticə verə bilər”.

Ekspertin fikrincə, paytaxtın bütün yollarında eyni sürət rejiminin tətbiqi məqsədəuyğun deyil:
“Yaşayış məhəllələrində, məktəblərin ətrafında və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə sürətin 30–40 km/saata endirilməsi təhlükəsizlik baxımından faydalı ola bilər. Şəhərdaxili əsas küçələrdə 50 km/saat sürət həddi tətbiq edilə bilər. Geniş prospektlərdə isə qərar yolun texniki xüsusiyyətləri və nəqliyyat axınının göstəriciləri əsasında verilməlidir. Heydər Əliyev, Ziya Bünyadov və Babək prospektlərində sürət rejiminin dəyişdirilməsi həmin yollardakı nəqliyyat intensivliyi və hərəkət şəraiti təhlil edildikdən sonra nəzərdən keçirilməlidir. Əsas məqsəd sürəti mümkün qədər azaltmaq deyil, hər yol üçün optimal sürət həddini müəyyənləşdirməkdir”.
A.Nəbiyev vurğulayıb ki, Bakıda tıxacların yaranmasının əsas səbəbləri arasında avtomobillərin sayının bəzi istiqamətlərdə yol şəbəkəsinin buraxıcılıq qabiliyyətini üstələməsi, iş və təhsil müəssisələrinin müəyyən ərazilərdə cəmləşməsi, səhər və axşam saatlarında nəqliyyat axınının eyni istiqamətlərə yönəlməsi, parklanma qaydalarının pozulması və ictimai nəqliyyatın mövcud tələbatı tam qarşılamaması yer alır:
“İkinci cərgədə dayanma da yolların buraxıcılıq qabiliyyətini azaldan amillərdəndir. Belə hallarda sürücülər zolaq dəyişməyə məcbur olur, hərəkətin sürəti aşağı düşür və avtomobil növbələri yaranır. Eyni zamanda, yolayrıclarının düzgün təşkil edilməməsi, sola dönən avtomobillər üçün ayrıca zolaqların olmaması və işıqforların nəqliyyat intensivliyinə uyğun işləməməsi sıxlığı artırır”.
O, problemin həlli üçün beynəlxalq təcrübənin öyrənilməsini və sürət həddinin dəyişdirilməsinin ilkin olaraq pilot layihələr vasitəsilə sınaqdan keçirilməsini təklif edib:
“Bunun üçün seçilmiş küçələrdə avtomobillərin orta sürəti, işıqforlarda gözləmə müddəti, müəyyən vaxt ərzində keçən nəqliyyat vasitələrinin sayı və tıxacların uzunluğu ölçülməlidir. Sürət həddi dəyişdirildikdən sonra əldə olunan nəticələr əvvəlki göstəricilərlə müqayisə edilməlidir. İşıqforların koordinasiyalı idarə olunması da nəqliyyat sıxlığının azaldılmasında mühüm rol oynaya bilər. “Yaşıl dalğa” sistemi vasitəsilə ardıcıl yerləşən işıqforların iş rejimi müəyyən hərəkət sürətinə uyğunlaşdırılır. Beləliklə, sürücülər sabit sürətlə hərəkət etməklə bir neçə yolayrıcını ardıcıl olaraq yaşıl işıqda keçə bilərlər. Bu isə avtomobillərin tez-tez dayanıb yenidən sürətlənməsi ehtiyacını azalda bilər”.
Adil Nəbiyev sürət həddinin aşağı salınmasının yol hərəkəti təhlükəsizliyi baxımından da əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, sürət artdıqca sürücünün təhlükəyə reaksiya verdiyi müddətdə avtomobilin qət etdiyi məsafə və əyləcləmə məsafəsi artır:
“Xüsusilə piyadaların intensiv hərəkət etdiyi ərazilərdə sürətin azaldılması mümkün toqquşmaların nəticələrinin ağırlığını azaltmağa kömək edə bilər. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması isə qəzalar səbəbindən yaranan əlavə tıxacların da azalmasına şərait yarada bilər. Paytaxtda nəqliyyat probleminin həlli üçün sürət hədlərinin tənzimlənməsi ilə yanaşı, ictimai nəqliyyatın inkişafı, avtobusların hərəkət intervallarının optimallaşdırılması, avtobus zolaqlarının fasiləsizliyinin təmin edilməsi, metro və şəhərətrafı dəmir yolu nəqliyyatının imkanlarının genişləndirilməsi, parklanmanın düzgün təşkili və iş saatlarının mərhələli şəkildə tənzimlənməsi kimi tədbirlər kompleks şəkildə həyata keçirilməlidir”.
İradə Elsevər






