150 kiloluq misdən 15 minlik samovar: Lahıc ustasının emalatxanasından REPORTAJ

150 kiloluq misdən 15 minlik samovar: Lahıc ustasının emalatxanasından REPORTAJ
Kateqoriya məlum deyil
T

Bəzi peşələrə zaman keçdikcə əvvəlki maraq itir, gündəlik həyatımızdan çəkilərək tarixə qovuşmaq təhlükəsi ilə üzləşir.

Bir vaxtlar nəsildən-nəslə ötürülən, insanların məişətində mühüm yer tutan həmin sənətlər bu gün getdikcə daha az adamın maraq dairəsindədir. Ancaq elə sənətkarlar var ki, bütün çətinliklərə baxmayaraq, ata-babalarından miras qalan bu ənənələri yaşatmağa çalışırlar.

Lahıcda misgərlik sənətini 55 ildir davam etdirən Kəbləmi Əliyev də onlardan biridir. O, atasından və babalarından öyrəndiyi sənəti bu gün də yaşadır. Hazırladığı mis məmulatları ilə yanaşı, bu sənətin unudulmaması, gələcək nəsillərə ötürülməsi üçün də narahatlığını gizlətmir.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Lahıcda səfərdə olarkən misgər Kəbləmi Əliyevin emalatxanasında olduq.

55 ildir misə həyat verir

Kəbləmi Əliyevin misgərliklə tanışlığı uşaqlıqdan başlayıb. Deyir ki, sənəti ata-babalarından miras alıb və ömrünün 55 ilini misin üzərində işləməyə həsr edib. Onun üçün misgərlik sadəcə dolanışıq vasitəsi deyil, nəsildən-nəslə ötürülən bir ənənədir.

Usta bildirir ki, misgərlik səbir, dəqiqlik və uzun illərin təcrübəsini tələb edir. Hazır məhsulun arxasında saatlarla, bəzən aylarla davam edən zəhmət dayanır. Mis parçasının samovara, qaba və ya başqa bir məişət əşyasına çevrilməsi üçün ustadan həm əl bacarığı, həm də sənətin incəliklərini bilmək tələb olunur. Kəbləmi Əliyev sənəti övladlarına da öyrədib. Lakin onlar hazırda fərqli sahələrdə çalışırlar.

“Gənclərin marağını məktəbdən oyatmaq lazımdır”

Ustanın fikrincə, misgərliyin gələcəyini təmin etmək üçün gəncləri bu sənətə daha erkən yaşlardan cəlb etmək lazımdır. O hesab edir ki, məktəblilərə xalq sənətkarlığının öyrədilməsi, onların emalatxanalarla tanış edilməsi və praktik məşğələlərə cəlb olunması mühüm addım ola bilər. Kəbləmi Əliyev sovet dövründə bu sənətin peşə məktəblərində, hətta orta məktəb səviyyəsində də öyrədildiyini deyir. Onun sözlərinə görə, həmin vaxt misgərlik daha sistemli şəkildə tədris olunurdu. Bu gün isə əsas problemlərdən biri gənclərin sənətdən maddi gəlir əldə edə biləcəklərinə inamının az olmasıdır. Usta hesab edir ki, məktəblərdə marağın yaradılması ilə yanaşı, sənətkarların əməyinin iqtisadi baxımdan dəyərləndirilməsi də vacibdir.

150 kilo misdən hazırlanan samovar

Kəbləmi Əliyevin emalatxanasında danışarkən onun yaddaşında xüsusi yer tutan bir işdən də söz açdıq. Söhbət 2019-cu ildə hazırladığı, hündürlüyü 2 metr 25 santimetr olan nəhəng samovardan gedir. Ustanın sözlərinə görə, samovarın hazırlanması altı ay çəkib. Bu iş üçün 150 kiloqram misdən istifadə olunub, xammal və digər xərclər isə ümumilikdə 5 min manat təşkil edib. Kəbləmi Əliyev bildirir ki, həmin samovarı Bakıdakı restoranlardan birinə 15 min manata satıb. O, ailəsinin pula ehtiyacı olduğu üçün məhsulu düşündüyündən daha ucuz qiymətə verməyə məcbur qaldığını deyir. Ustanın fikrincə, samovarın real dəyəri təxminən 50 min manat idi.

1800-cü ilə aid tərəzi

Ustanın sözlərinə görə, emalatxanada tarixi nümunələr çoxdur. Onların arasında ən qədimi isə 1800-cü ilə aid olan tərəzidir. Bu əşya təkcə məişət nümunəsi deyil, həm də misgərlik sənətinin keçmişindən xəbər verən tarixi yadigardır.

Xammal bahadır, alıcı isə əsasən turistlərdir

Kəbləmi Əliyev xammalı Bakıdan aldığını, misin bir kiloqramının qiymətinin 40-45 manat olduğunu deyir. Bu qiymət isə iri həcmli məhsulların hazırlanmasının nə qədər xərc tələb etdiyini aydın göstərir.

Misgər bildirir ki, əvvəllər istehsal etdiyi məhsulları kombinatlara təhvil verir, məhsullar satıldıqdan sonra əməyinin müqabilində pul alırdı. Bu sistemdə satışla bağlı proseslər kombinat vasitəsilə həyata keçirilirdi. İndi isə vəziyyət fərqlidir. Usta məhsullarını əsasən öz emalatxanasında satır və qazancı birbaşa alıcıların marağından asılıdır. Onun sözlərinə görə, hazırda əsas alıcı kütləsini xarici turistlər təşkil edir.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR