Sosial şəbəkədə təhqirə görə 7 min manat cərimə edildi
Tovuz Rayon Məhkəməsində şəxsin şərəf və ləyaqətinin müdafiəsi, internetdə yayılan məlumatların təkzib edilməsi və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki işə baxılıb.
Sfera.az xəbər verir ki, iddiaçı vətəndaş cavabdehin “YouTube”, “TikTok” və “Instagram” platformalarında onun və ailəsinin ünvanına alçaldıcı ifadələr işlətdiyini, şəxsi həyatlarını müzakirəyə çıxardığını bildirib.
O, bu videoların silinməsini və 100 min manat mənəvi zərər ödənilməsini tələb edib.
Məhkəmə videomaterialları araşdıraraq bildirib ki, məlumatlar doğru olsa belə, şəxsi həyata müdaxilə məqsədilə internetdə paylaşılması qanunsuzdur. Qərarda vurğulanıb ki, videolarda şəxsin adının birbaşa çəkilməməsi onun şərəf və ləyaqətinin pozulması faktını dəyişmir. Həmçinin qeyd olunub ki, söz azadlığı mütləq deyil və real həyatdakı qanunlar rəqəmsal mühitdə də eynilə qorunmalıdır.
Yekunda məhkəmə iddianı qismən təmin edib. Cavabdehin ifadələri qanunsuz hesab olunub və onun iddiaçıya 7 000 manat mənəvi ziyan ilə 90 manat dövlət rüsumu ödəməsinə qərar verilib.
Firuzə Əliyeva






