Kombilərə qaz yox, su qoşulacaq - YENİLİK

Milyonlarla abunəçini hər ay dərin düşüncələrə qərq edən elektrik və təbii qaz qəbzləri dövrü nəhayət ki, başa çatır.
Laboratoriya şəraitində, otaq temperaturunda hazırlanan və yalnız günəş enerjisini udaraq işləyən yeni maddə sayəsində gələcəkdə kombilərə qaz əvəzinə su qoşulacaq, evlər isə demək olar ki, pulsuz qızdırılacaq. Yaşıl hidrogenin xərcini minimuma endirən bu ixtira vətəndaşlara rahat nəfəs aldıracaq.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Oregon Dövlət Universitetinin (OSU) Təbiət Elmləri Fakültəsinin alimləri günəş panellərinə ehtiyac duymadan, yalnız günəş işığından istifadə etməklə sudan hidrogen istehsal edə bilən yeni material hazırlayıblar. Günəş enerjisini kimyəvi enerjiyə çevirən bu maddə təmiz hidrogen istehsalının maya dəyərini düşürmək və qalıq yanacaqlardan asılılığı azaltmaq potesialına malikdir.
Ekspertlər bildiriblər ki, bu yanaşma xüsusilə avtomobil sektorunda istifadə olunan hidrogen yanacaq elementləri və müxtəlif kimyəvi istehsal prosesləri üçün yeni enerji mənbəyi təqdim edə bilər. Tədqiqatın mərkəzində işıq enerjisini udaraq kimyəvi reaksiyaları sürətləndirən fotokatalizatorlar dayanır.
Alimlərin hazırladığı üsul xarici elektrik mənbəyinə ehtiyac qalmadan sudan hidrogen əldə edilməsini hədəfləyib. Tədqiqata rəhbərlik edən OSU müəllimi Kyriakos Stylianou bildirib ki, katalizatorlar reaksiyanın sürətini artıran, lakin proses zamanı özü sərf olunmayan maddələrdir:
"Fotokatalizatorlar işıq enerjisini udaraq bu reaksiyaların baş tutmasını asanlaşdırır. Əvvəlki işlərimiz metal-üzvi çərçivələr (MOF) kimi tanınan məsaməli və kristal quruluşlu materiallara yönəlmişdi. Metal ionları ilə üzvi molekulların birləşməsi ilə yaranan bu strukturlar nano ölçülü məsamələri sayəsində fərqli kimyəvi xüsusiyyətlər qazanır".
Tədqiqatçılar günəş işığından istifadə etməklə hidrogen istehsalını araşdırmaq üçün "BVR-19" adlı metal-üzvi çərçivə üzərində təcrübələr aparıblar. Bu materialın seçilməsində onun işığa məruz qaldıqda müvəqqəti parçalana bilən və reaktiv kükürd növləri yaradan kükürd-kükürd rabitəsinə malik olması mühüm rol oynayıb.
K. Stylianou vurğulayıb ki, onların hazırladığı material enerji çevrilməsində yalnız metal atomlarına əsaslanmır, kükürd tərkibli üzvi komponentlər də bu prosesdə fəal iştirak edir.
Üsulun ən diqqətçəkən tərəfi günəş işığından başqa xarici bir enerji mənbəyinə və əlavə xərcli metal katalizatorlara ehtiyac duymamasıdır. Eyni zamanda "BVR-19" maddəsinin sulu məhlullarda və otaq temperaturunda sintez oluna bilməsi istehsal prosesini xeyli asanlaşdırır.
Yaşıl hidrogenin xərci kəskin azala bilər.
Hidrogen nəqliyyat və sənaye kimi sahələrdə ənənəvi yanacaqlara alternativedici enerji mənbəyi sayılır. Lakin hidrogenin hansı üsulla istehsal olunması onun maya dəyərini və ətraf mühitə təsirini birbaşa müəyyənləşdirir.
Hazırda hidrogenin böyük hissəsi təbii qazın buxarla emal edildiyi metan-buxar reformasiyası üsulu ilə əldə olunur ki, bu zaman havaya böyük həcmdə karbon dioksid buraxılır. Bərpa olunan enerjidən istifadə etməklə sudan hidrogenin alınması isə karbon izini minimuma endirmək imkanı yaradır. Yeni kəşf sayəsində yaşıl hidrogenin istehsal xərclərinin kəskin şəkildə aşağı düşəcəyi proqnozlaşdırılıb.
Bəsti Rəfizadə
Sfera.az






