Kürdəmirdə 100-ə yaxın zəhərlənmə: Səbəb nədir?

Xəbər verdiyimiz kimi, ötən gün Kürdəmirdə toy mərasimində qidadan zəhərlənənlərin sayı 100-ə yaxınlaşıb.
Kütləvi tədbirlər zamanı çoxsaylı insanların eyni qidalardan istifadə etməsi zəhərlənmə hallarının qısa müddətdə geniş miqyas almasına səbəb ola bilir.
Hadisə restoran və şadlıq saraylarında qidaların hazırlanması, saxlanılması və təqdim olunması zamanı qaydalara əməl edilməsinə dair sualları yenidən gündəmə gətirib.
Bəs belə məkanlarda qida zəhərlənmələrinə ən çox hansı pozuntular səbəb olur? Payız mövsümündə zəhərlənmə hallarının artmasına hansı amillər təsir edir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən qida mütəxəssisi Fərid Səfərov bildirib ki, restoran və xüsusilə toy mərasimlərində qida zəhərlənmələri, adətən, bir qaydanın deyil, qidanın hazırlanması, saxlanması və təqdim olunmasının müxtəlif mərhələlərində yol verilən səhvlərin birgə təsiri nəticəsində baş verir.

Onun sözlərinə görə, ən çox rast gəlinən pozuntulardan biri temperatur rejiminə əməl edilməməsidir:
“Bişmiş yeməklərin otaq temperaturunda uzun müddət saxlanılması, soyudulmuş məhsulların kifayət qədər aşağı temperaturda qorunmaması və isti təqdim edilməli yeməklərin lazımi temperaturda saxlanmaması mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. İkinci mühüm məsələ çiy və hazır qidaların bir-biri ilə təmas etməsidir. Çiy ət, toyuq, yumurta və digər məhsullardan mikroorqanizmlər bıçaq, doğrama taxtası, qab-qacaq və iş səthləri vasitəsilə artıq bişmiş və istifadəyə hazır qidalara keçə bilər. Buna görə mətbəxdə çiy və hazır məhsulların ayrı saxlanılması, müxtəlif avadanlıq və inventardan düzgün istifadə olunması çox vacibdir. Digər risk qidanın kifayət qədər istilik emalından keçməməsidir. Xüsusilə ət, toyuq, yumurta və çoxkomponentli yeməklər tam bişirilmədikdə Salmonella, Campylobacter, bəzi E. coli ştammları və digər patogenlər insan orqanizminə keçə bilər. Eyni zamanda, bişmiş yeməyin sonradan düzgün soyudulmaması da təhlükəlidir. Böyük həcmdə hazırlanan düyü, salatlar, ət yeməkləri və digər məhsulların tədricən soyuması bəzi bakteriyaların çoxalması üçün əlverişli şərait yarada bilər”.
“Toy mərasimlərində riskin artmasının əsas səbəblərindən biri qidaların böyük həcmdə və əvvəlcədən hazırlanması, daha sonra isə uzun müddət ərzində çoxsaylı insanlara təqdim edilməsidir. Bu zaman vaxt-temperatur rejiminə nəzarət xüsusilə vacibdir. İşçi heyətin şəxsi gigiyena qaydalarına əməl etməməsi, əllərin düzgün yuyulmaması, xəstə şəxsin qida ilə təmasda olması, mətbəx və avadanlıqların lazımi səviyyədə təmizlənməməsi də zəhərlənmə riskini artırır. İçməli və texnoloji suyun təhlükəsizliyi də nəzarətdə saxlanılmalıdır”, - F.Səfərov bildirib.
Payız aylarında isə qida zəhərlənmələrinin səbəblərinin bir qədər genişləndiyini deyən mütəxəssis ev şəraitində hazırlanan mürəbbə, turşu, konserv və digər məhsullara da diqqət çəkib:
“Havaların soyuması ilə insanlar bəzi qidaları daha uzun müddət saxlayır, ev şəraitində mürəbbə, turşu, konserv və digər məhsulların hazırlanması artır. Bu məhsullar düzgün sterilizasiya edilmədikdə və ya uyğun şəraitdə saxlanılmadıqda ciddi risk yarada bilər. Xüsusilə evdə hazırlanmış konservlər botulizm baxımından təhlükəli ola bilər. Ona görə restoran və şadlıq saraylarında əsas prinsip yalnız məhsulun keyfiyyətinə nəzarət deyil, bütün qida zəncirinə – məhsulun qəbulundan başlayaraq saxlanılması, hazırlanması, bişirilməsi, soyudulması və süfrəyə təqdim edilməsinə qədər nəzarət etməkdir. Kürdəmirdəki hadisənin konkret səbəbi isə yalnız rəsmi epidemioloji araşdırmanın və laborator nəticələrin yekunu əsasında müəyyən edilə bilər. Təkcə hadisənin baş verdiyi məkan və ya menyuya əsaslanaraq konkret qidanı səbəb göstərmək düzgün olmaz”.
Firuzə Əliyeva






