Bu gün Ahıllar Günüdür: Azərbaycanda 70 yaşdan yuxarı neçə nəfər var?

Bu gün Ahıllar Günüdür: Azərbaycanda 70 yaşdan yuxarı neçə nəfər var?
Kateqoriya məlum deyil
T

Bu gün – 1 oktyabr dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.

BMT tərəfindən təsis edilən bu gün yaşlı insanların cəmiyyətdəki roluna, onların sosial müdafiəsinə, sağlamlığına və həyat keyfiyyətinə diqqət çəkmək məqsədi daşıyır.


Sfera.az xəbər verir ki, Azərbaycanda 70 və daha yuxarı yaşda olan insanların sayı yarım milyondan çoxdur. Dövlət Statistika Komitəsinin 2025-ci ilin əvvəlinə olan məlumatlarına əsasən, ölkədə 70-74 yaşlı 274,6 min, 75-79 yaşlı 143 min, 80-84 yaşlı 52,1 min, 85-89 yaşlı 50,8 min, 90-94 yaşlı 15,1 min, 95-99 yaşlı 4,7 min, 100 və daha yuxarı yaşda isə 1,6 min nəfər yaşayır. Bu yaş qruplarının cəmi təxminən 542 min nəfərdir.


Statistikada diqqət çəkən məqamlardan biri də qadınların sayının kişilərdən çox olmasıdır. 70-74 yaş qrupunda 120,9 min kişi və 153,7 min qadın olduğu halda, 75-79 yaşlılar arasında kişilərin sayı 61,6 min, qadınların sayı isə 81,4 min nəfərdir. Yaş yüksəldikcə bu fərq daha da artır.


Maraqlıdır ki, Azərbaycanda 100 və daha yuxarı yaşda olan insanların sayı da minlərlə ölçülür. Rəsmi statistikaya görə, 2025-ci ilin əvvəlində bu yaş qrupunda 1 600 nəfər qeydə alınıb.


Dünyada isə əhalinin yaşlanması daha geniş miqyasda müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ildə dünyada 60 yaş və yuxarı insanların sayı 5 yaşdan aşağı uşaqların sayını ötüb. Hazırda dünyada təxminən 1 milyard 60+ yaşlı insan yaşayır və bu göstəricinin 2050-ci ilə qədər 2,1 milyarda çatacağı gözlənilir.


Daha maraqlı rəqəm isə 80 yaş və yuxarı insanlarla bağlıdır. ÜST-nin proqnozuna əsasən, bu yaş qrupunun sayı 2020-ci ildəki təxminən 143 milyondan 2050-ci ildə 426 milyona yüksələ bilər. Yəni 30 il ərzində 80 yaşdan yuxarı insanların sayının təxminən üç dəfə artması gözlənilir.


Bu proses Azərbaycandan da yan keçmir. Əhalinin ömrünün uzanması müsbət demoqrafik göstərici olsa da, yaşlı insanların sayının artması pensiya təminatı, səhiyyə, sosial xidmətlər, uzunmüddətli qayğı və ahılların cəmiyyətə inteqrasiyası kimi məsələlərin əhəmiyyətini artırır.


Qeyd edək ki, Beynəlxalq Ahıllar Günü ilk dəfə BMT Baş Assambleyasının 1990-cı il 14 dekabr tarixli qərarı ilə təsis edilib və 1991-ci ildən etibarən hər il oktyabrın 1-də qeyd olunur.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR