Pensiyaların indeksasiya mexanizmi dəyişdiriləcək

Pensiyaların indeksasiya mexanizminin dəyişdirilməsi və məbləği orta aylıq əməkhaqqından yüksək olan pensiyalara fərqli qaydanın tətbiqi təklif olunur.
Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, hər il orta aylıq əməkhaqqına qədər olan pensiyalara indeksasiya faizi tam tətbiq ediləcək. Pensiya orta aylıq əməkhaqqından yüksək olduqda isə həmin məbləğin əməkhaqqından yuxarı olan hissəsinə 0,2-0,5 əmsalları tətbiq edilməklə indeksasiya aparılacaq.
Qeyd edək ki, pensiyaçıların 90 faizdən çoxunun pensiyası orta aylıq əməkhaqqına qədər olduğundan, yeni mexanizmin əsasən pensiyası bu məbləğdən yüksək olan şəxslərə şamil ediləcəyi bildirilir. 1 avqust 2026-cı il tarixinə orta aylıq əməkhaqqı 1176,7 manat təşkil edir.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Firuzə Əliyeva






