Azərbaycanda peşəkar ordu modelinə keçid təklif olunur

Azərbaycanda hərbi xidmətin mərhələli şəkildə peşəkar ordu modelinə keçirilməsi təklif olunur.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə müzakirə olunan qanun layihəsi ilə bağlı çıxışı zamanı deyib.
Deputat bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun yenilənməsi, yeni qoşun növlərinin yaradılması, silah və texnika ilə təminatının müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb.
“Artıq zamanı çatıb ki, müəyyən məsələlərə diqqət yetirilsin. Hesab edirəm ki, orduda üç əsas – ümumi çağırış, alternativ hərbi xidmət və müqavilə əsasında xidmətə keçid artıq baş verməlidir. Tədricən biz müqavilə əsasında xidmətə, peşəkar orduya keçməliyik”,– deyə Siyavuş Novruzov bildirib.
Deputatın sözlərinə görə, müqavilə əsasında xidmət modelində hərbi qulluqçuların rütbələrinə uyğun əməkhaqqının konkret müəyyənləşdirilməsi vacibdir.
“Keçmişdə belə idi ki, rütbəsinə görə bu qədər əlavə gəlir, xidmətinə görə bu qədər əlavə gəlir, yemək pulu, kirayə pulu və sair. Amma konkret olaraq hər bir rütbənin özünün əməkhaqqısı müəyyən olunur və bunun nəticəsində də gələcəkdə pensiya təminatı öz həllini tapır”, – deyə o qeyd edib.
Siyavuş Novruzov hesab edir ki, Azərbaycan mərhələli şəkildə peşəkar ordu sisteminə keçməli və bu modelin sosial təminatı dünya standartlarına uyğun qurulmalıdır.
Firuzə Əliyeva






