Nadir Qocabəyli Əvəz Zeynallı ilə bağlı yazdı: “Onun məğlubiyyətinin əsas səbəbi...”

Nadir Qocabəyli Əvəz Zeynallı ilə bağlı yazdı: “Onun məğlubiyyətinin əsas səbəbi...”
Kateqoriya məlum deyil
T

Jurnalist Nadir Qocabəyli mərhum jurnalist Əvəz Zeynallı ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Sfera.az xəbər verir ki, Nadir Qocabəyli Əvəz Zeynallının vəfatından sonra onunla bağlı səsləndirilən fikirləri dəyərləndirib.

Jurnalist qeyd edib ki, müxtəlif siyasi mövqelərdən olan şəxslərin böyük əksəriyyəti Əvəz Zeynallının ölümü ilə bağlı müsbət münasibət ifadə edib. Onun sözlərinə görə, bu məsələdə bəzi şəxslərin siyasi xal qazanmağa və manipulyasiyaya çalışdığını düşünür.

Nadir Qocabəyli paylaşımında bloqer Tural Sadıqlının Əvəz Zeynallının həbsi ilə bağlı səsləndirdiyi iddialara da toxunub. O, Tural Sadıqlının Əvəz Zeynallının həbsində Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin rolunun olduğunu iddia etdiyini yazıb.

Jurnalist bu iddianı tənqid edərək Əvəz Zeynallının 2022-ci ildə rüşvət alma ittihamı ilə saxlanıldığını xatırladıb. O, həmin dövrdə mediada yayılan məlumatlara və məhkəmə prosesinə istinad edərək ittihamların müəyyən əsaslarının olduğunu düşündüyünü bildirib.

Nadir Qocabəyli eyni zamanda Əvəz Zeynallının həbsində siyasi motiv ehtimalını tam istisna etmədiyini də qeyd edib:

“Əvəz Zeynallının həbsində siyasi motiv olduğunu tam danmıram. Ola bilsin ki, rüşvətxorluq edə-edə sakit dayansaydı, yəni özünü dürüst, qəhrəman jurnalist kimi qələmə verib, hakimiyyətə qarşı tənqidi çıxışlar etməsəydi, həbs olunmazdı”.

Jurnalistin fikrincə, Əvəz Zeynallının əsas səhvi hakimiyyətə qarşı mübarizədə özünü tənqid etdiyi şəxslərdən fərqləndirə bilməməsi olub.

“Əgər dən yox, din davası, yal yox, yol davası aparırsansa, fərqli, düz adam olmalısan. Mübarizə apardıqlarından fərqlənməlisən. Bilməlisən ki, bu yolda aclıq, məhrumiyyət, hətta səfalət var. Çünki əyrilərə əyri yolla qalib gələ bilməzsən”, - deyə o yazıb.

Nadir Qocabəyli Əvəz Zeynallının məğlubiyyətinin yalnız onun şəxsi məğlubiyyəti olmadığını, onu müdafiə edən və yolunu davam etdirən şəxslərlə də bağlı olduğunu bildirib.

Paylaşımının sonunda jurnalist Hikmət Hacıyevin dəfələrlə tənqid olunduğunu xatırladaraq, Əvəz Zeynallının həbsinin yalnız bir şəxsin qərarı ilə izah edilməsinin doğru yanaşma olmadığını vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR