Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Səfər zamanı xarici dövlətin hava limanında sərnişinin pasportunda viza, giriş möhürü və ya digər sərhəd qeydlərinin aparılması üçün tələb olunan boş səhifənin olmaması səbəbindən ölkəyə buraxılmaması və geri qaytarılması hallarına rast gəlinir. Bu vəziyyət ilk növbədə həmin şəxsin sərhəd nəzarəti baxımından hüquqi statusunun doğru müəyyən edilməsini tələb edir. Bir çox hallarda vətəndaşlar belə situasiyaya sadəcə sənədin fiziki baxımdan "dolu olması" kimi yanaşsalar da, məsələnin arxasında ciddi hüquqi prosedurlar dayanır. Əslində burada pasportun etibarlılığı, səfər edilən dövlətlərin giriş tələbləri, viza rejimi və aviadaşıyıcının sənədləri öncədən yoxlama öhdəlikləri komplekt şəkildə nəzərə alınmalıdır.
Xarici ölkəyə daxil olmasına icazə verilməyən sərnişin avtomatik olaraq "deportasiya olunmuş" və ya "cinayət törətmiş" şəxs hesab edilmir. Beynəlxalq aviasiya standartlarına əsasən, bu şəxslər "ölkəyə buraxılmayan sərnişin" statusunda qiymətləndirilir. Eyni zamanda hava limanı operatoru ilə sərhəd mühafizə orqanının hüquq və səlahiyyətlərini eyniləşdirmək də hüquqi baxımdan doğru deyil. Sərnişinin sənədlərindəki uyğunsuzluğun aviadaşıyıcı tərəfindən vaxtında aşkar edilməməsi isə gələcəkdə zərərin əvəzinin ödənilməsi üzrə məsuliyyət məsələsini gündəmə gətirə bilər.
Bəs xarici hava limanında pasport səhifəsi bitdiyi üçün saxlanılan və ya geri qaytarılan sərnişinin hüquqi statusu nə olur və bu halda aviadaşıyıcının, eləcə də aeroportun öhdəlikləri nədən ibarətdir?
Sfera.az bildirir ki, mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas Ellada Bayramova məsələnin hüquqi tərəflərini təfərrüatı ilə şərh edib.
Ellada Bayramova bildirib ki, Azərbaycan Respublikasının 'Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında' Qanununa və Miqrasiya Məcəlləsinə əsasən pasport vətəndaşın şəxsiyyətini və vətəndaşlığını təsdiq edən, ölkədən getmək və gəlmək hüququ verən ana sənəddir. Lakin pasportun qüvvədə olması avtomatik olaraq onun istənilən xarici dövlətə giriş üçün kifayət etməsi anlamına gəlmir.
Onun sözlərinə görə, hər bir dövlət öz milli qanunvericiliyinə əsasən ölkəyə giriş üçün əlavə tələblər, o cümlədən pasportda müəyyən sayda boş səhifələrin olmasını tələb edə bilər:
“Pasportun etibarlılıq müddətinin başa çatması ilə boş səhifənin qalmaması eyni hüquqi hal deyil; sənəd saxta olmasa və müddəti bitməsə də, boş səhifə yoxdursa, həmin sənəd konkret səfər üçün giriş tələblərinə cavab verməyən sənəd sayılır.
1944-cü il tarixli Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13-cü maddəsinə əsasən xarici dövlətə giriş hüququ həmin dövlətin suveren səlahiyyətlərinə aid məsələdir və son qərarı dövlətin sərhəd və miqrasiya orqanları qəbul edir. Hava limanının operatoru şəxsin həmin ölkəyə daxil olub-olmaması barədə qərar verən orqan deyil, bu səbəbdən hava limanı ilə sərhəd orqanını eyniləşdirmək düzgün deyil”.
Vəkil qeyd edib ki, beynəlxalq standartlara əsasən xarici dövlət tərəfindən qəbul edilməyən sərnişin 'ölkəyə buraxılmayan şəxs' statusu alır. Bu, şəxsin cinayət və ya inzibati xəta törətməsi deyil, sadəcə giriş şərtlərinə cavab verməməsi deməkdir.
"Ölkəyə girişdən imtina deportasiya demək deyil"
Ellada Bayramova vurğulayıb ki, "ölkəyə buraxılmama", "geri qaytarılma" və "deportasiya" anlayışları fərqləndirilməlidir:
"Şəxs hələ dövlətin ərazisinə buraxılmayıbsa və sərhəddə saxlanılıbsa, bu, girişdən imtinadır və onun gəldiyi ölkəyə göndərilməsi geri qaytarılma prosedurudur. Bu hal avtomatik deportasiya (ölkədən məcburi çıxarılma) sayıla bilməz. Oxşar yanaşma Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində də əks olunur: etibarlı sənədi olmayan əcnəbilər ölkə ərazisinə buraxılmadan gəldikləri ölkəyə qaytarılırlar”.
Aviadaşıyıcının və hava limanının öhdəlikləri nədən ibarətdir?
Hüquqşünas aviadaşıyıcının sənəd yoxlama öhdəliyinə də diqqət çəkib:
"Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına əsasən aviadaşıyıcı sərnişinin səyahət sənədlərinin təyinat ölkəsinin tələblərinə uyğunluğunu səfərdən əvvəl yoxlamalıdır. Lakin aviadaşıcı sərhəd orqanını əvəz etmir və sərnişinin ölkəyə buraxılacağına 100% zəmanət verə bilməz. Əgər sənəddəki uyğunsuzluq obyektiv olaraq əvvəlcədən müəyyən edilə bilməyən məsələdirsə, aviadaşıcının avtomatik məsuliyyəti yaranmır. Əksinə, əgər aviadaşıcı aşkar görünən sənəd uyğunsuzluğunu (məsələn, boş səhifənin ümumiyyətlə olmamasını) yoxlamayıbsa və sərnişini reysə buraxıbsa, bu halda aviadaşıcının məsuliyyəti araşdırıla bilər və sərnişin dəymiş zərərə görə kompensasiya tələb edə bilər.
Ölkəyə buraxılmayan sərnişinin geri daşınmasının təşkili, gözləmə müddətində onun saxlanılması və zəruri xidmətlərlə təmin edilməsi xərcləri də qaydalara uyğun olaraq aviadaşıcı tərəfindən qarşılana bilər. Hava limanı operatoru isə sərhəd nəzarəti orqanı olmadığı üçün bu qərara görə məsuliyyət daşımır; onun məsuliyyəti yalnız öz xidmət və təhlükəsizlik öhdəliklərini pozduqda yaranır.
Sərnişinin nəzarət zonasında saxlanılmasının məhbus statusu anlamına gəlmədiyini vurğulayan E.Bayramova qeyd edib ki, bu cür məhdudiyyətlər BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının 12-ci maddəsinə və milli qanunvericiliyə uyğun tənzimlənməlidir:
"Azərbaycan Respublikasının vətəndaşı xarici ölkədə sənəd problemi ilə çətin vəziyyətdə qaldıqda, 1963-cü il tarixli Konsulluq Əlaqələri haqqında Vyana Konvensiyasına əsasən konsulluq yardımından istifadə etmək hüququna malikdir. Sərnişin ona münasibətdə qəbul edilmiş qərarın hüquqi əsasını öyrənmək, şikayət vermək və aviadaşıcıdan vurulmuş zərərin əvəzini tələb etmək imkanlarını araşdıra bilər”.
“Yekun olaraq, pasportda boş səhifənin olmaması faktına birdəfəlik hökm kimi baxılamaz. Məsuliyyət məsələsi müəyyən edilərkən sənədin konkret ölkənin giriş tələbinə uyğunluğu, sərhəd orqanının qərarının əsası və aviadaşıcının əvvəlcədən yoxlama öhdəliyini düzgün icra edib-etmədiyi kompleks şəkildə qiymətləndirilməlidir”,- deyə o əlavə edib.






